AZ

Elektron siqaret qadağasının hədəfləri – DETALLAR

Xəbər verdiyimiz kimi, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək. Həmçinin Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. 

Bu məsələ Milli Məclisə təqdim olunan qanun layihəsində öz əksini tapıb.

Layihə ictimaiyyətə təqdim olunduqdan sonra sosial mediada bəziləri elektron siqaretlərin satışına qadağanı müxtəlif əsassız iddialarla əlaqələndirirlər.

Tətbiqi planlaşdırılan bu qadağanın hədəfi nədir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabatlarına əsasən, elektron siqaretlər qlobal miqyasda ciddi ictimai sağlamlıq probleminə çevrilib. Hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların azı 15 milyonu 13-15 yaş arası yeniyetmələrdir. ÜST bildirir ki, sosial media və influenserlər vasitəsilə minlərlə fərqli dadlandırıcı ilə təqdim olunan bu məhsullar birbaşa uşaqları və gəncləri hədəf alır.

Araşdırmalar göstərir ki, elektron siqaretlərdən istifadə səviyyəsi yeniyetmələr arasında yetkinlərlə müqayisədə dəfələrlə yüksəkdir.

Rəngarəng dizaynlar, meyvə və şirniyyat dadları, eləcə də aqressiv marketinq strategiyaları bu məhsulları gənclər üçün daha cəlbedici edir və nikotin asılılığının erkən yaşlarda formalaşmasına səbəb olur.

ÜST-in məlumatına görə, elektron siqaretlərin tərkibində yüksək asılılıq yaradan nikotinlə yanaşı, sağlamlıq üçün risk daşıyan kimyəvi maddələr və potensial zərərli aerozollar mövcuddur. Tüstüsüz və xoş qoxulu olması isə bu məhsulların qapalı məkanlarda daha rahat istifadə edilməsinə şərait yaradır və passiv təsir riskini artırır.

Məhz bu riskləri nəzərə alan bir çox ölkələr elektron siqaretlərin satışına və istifadəsinə qadağa və ya ciddi məhdudiyyətlər tətbiq edib. ÜST də ölkələrə çağırış edərək yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının yayılmasının qarşısının alınması üçün təsirli tənzimləyici tədbirlərin görülməsini tövsiyə edir.

Dünyada elektron siqaret qadağası

Bir çox ölkə elektron siqaretlərin yaratdığı sağlamlıq risklərini nəzərə alaraq müxtəlif qadağa və məhdudiyyətlər tətbiq edib. Argentinada qızdırılan tütün məmulatları və oxşar məhsulların gənclər üçün cəlbedici olması və tütünlə mübarizədə əldə edilən nailiyyətləri təhlükə altına salması əsas arqument kimi göstərilir. Braziliya isə elektron siqaretlərin zərərsizliyi və siqareti tərgitməyə kömək etməsi ilə bağlı kifayət qədər elmi sübutun olmamasını əsas götürərək bu cihazların satışını tam qadağan edən ilk ölkələrdən olub.

Bruney Darüssalamda elektron siqaretlər tütün imitasiyası hesab edildiyi üçün qadağan edilib. Qazaxıstanda veyplərin tərkibində nikotindən əlavə minlərlə naməlum kimyəvi maddənin mövcudluğu onların qadağan olunmasına səbəb olub. Venesuelada rəsmi səhiyyə qurumları qızdırılan tütün məhsullarında adi siqaret tüstüsündə rast gəlinməyən əlavə toksik maddələrin aşkarlandığını bildirir.

Rusiyada 2024-cü ildən etibarən aromatizatorlu elektron siqaretlərin satışı qadağan edilib. Finlandiyada isə elektron siqaretlərin ictimai yerlərdə və azyaşlıların olduğu qapalı məkanlarda istifadəsi, eləcə də uşaqlar üçün cəlbedici olan aromatizatorların tətbiqi məhdudlaşdırılıb.

Bu nümunələr göstərir ki, bir çox ölkə elektron siqaretlərə qarşı sərt mövqe tutaraq ictimai sağlamlığın, xüsusilə uşaqların və gənclərin qorunmasını prioritet hesab edir.

Azərbaycanda tətbiqi planlaşdırılan qadağanın hədəfi məhz insan sağlamlığıdır.

Mütəxəssislərin fikrincə, qəbul edilən qərar uzunmüddətli perspektivdə əhalinin sağlamlığının qorunması baxımından vacib və preventiv xarakter daşıyır.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
121
day.az

1Mənbələr