AZ

Amnistiya təşəbbüsü sosial ədalət prinsiplərinin bariz ifadəsidir RƏY

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ölkəmizin hüquqi-siyasi həyatında olduqca mühüm, əlamətdar və mütərəqqi hadisə kimi dəyərləndirilməlidir. Bu qərar yalnız hüquqi mexanizm deyil, eyni zamanda, dövlətin vətəndaşa münasibətində humanizm, mərhəmət və sosial ədalət prinsiplərinin bariz ifadəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

“Amnistiya aktının statistik göstəricilərinə nəzər saldıqda aydın şəkildə görürük ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bu qədər geniş əhatə dairəsinə malik amnistiya təşəbbüsü irəli sürülüb. Söhbət 20 mindən artıq şəxsdən gedir ki, bu da amnistiya aktının miqyasını və ictimai əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Bu şəxslərin müxtəlif sosial və demoqrafik qruplara aid olması dövlətin hər bir vətəndaşa fərdi və ədalətli yanaşma nümayiş etdirdiyinin sübutudur. Əhali kateqoriyalarının genişliyi isə onu deməyə əsas verir ki, bu addım yalnız mütərəqqi deyil, eyni zamanda, dərin humanist məzmun daşıyır. Amnistiya aktı əsasən ictimai təhlükə törətməyən, xüsusilə ağır cinayətlərə yol verməyən, müxtəlif həyat şəraitləri və sosial səbəblər ucbatından hüquq pozuntusu edən şəxslərə şamil olunur. Dövlətin bu şəxsləri bağışlaması Azərbaycan dövlətçiliyinin dəyərlərinə, hüquqi dövlət və sosial ədalət prinsipinə sadiqliyin aydın təzahürüdür.

Tarixi müqayisə aparsaq, qeyd etmək lazımdır ki, indiyədək say etibarilə ən çox şəxsi əhatə edən amnistiya 2021-ci ildə qəbul edilib və 17 mindən artıq insan əhatə olunub. Həmin amnistiya aktı cəmiyyət tərəfindən “Zəfər amnistiyası” kimi yüksək dəyərləndirilib. Cari amnistiya isə bu göstəricini də geridə qoyaraq, daha geniş miqyas alıb. Ümumiyyətlə, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən bu günədək ölkəmizdə 12 amnistiya aktı qəbul olunub və bu aktlar ümumilikdə 130 mindən artıq şəxsi əhatə edib. Dövlətimizin başçısının siyasi fəaliyyətinin mərkəzində insan amilinin, vətəndaş rifahının, sosial ədalət və mərhəmət prinsiplərinin dayanması ölkəmizin cinayət-hüquq siyasətində də əsas prinsip kimi çıxış edir və qəbul edilən bütün normativ-hüquqi sənədlərdə bu dəyərlərin qorunduğunu açıq şəkildə görmək mümkündür”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin möhkəm hüquqi əsasını formalaşdırıb. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, prinsipial və qətiyyətlə davam etdirilir. “Amnistiya aktının əhatə etdiyi 20 mindən artıq şəxs yalnız fərdi talelər baxımından deyil, sosial aspektdən də geniş təsirə malikdir. Belə ki, hər bir məhkumun ailəsinin olduğunu və orta hesabla hər ailədə 4-5 nəfərin yaşadığını nəzərə alsaq, bu amnistiya aktı 100 mindən artıq insanın sevincinə, ailələrin birləşməsinə və sosial sabitliyin möhkəmlənməsinə səbəb olacaq. Bu fakt dövlətimizin humanist mahiyyətini bir daha təsdiqləyir. Biz inanırıq ki, amnistiya aktından faydalanan şəxslər cəmiyyətə sağlam şəkildə qayıdacaq, ailələrinin rifahı və ölkəmizin inkişafı naminə əmək fəaliyyəti ilə məşğul olacaq və layiqli vətəndaş kimi özlərini doğruldacaqlar”, - deyə Azər Allahverənov bildirib.

 

Seçilən
35
azertag.az

1Mənbələr