AZ

Azərbaycan memarlığında texnoloji yeniliklər milli mədəni kontekstlə uzlaşdırılmalıdır - AÇIQLAMA

Bakı, 18 dekabr, AZƏRTAC

Bu günün memarı yalnız estetik forma yaradan deyil, texnologiyanı, ekologiyanı və sosial məsuliyyəti bir araya gətirən çoxşaxəli mütəxəssisdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı memar Aysel Hüseynova deyib.

Onun sözlərinə görə, müasir dövrdə memar ilk növbədə rəqəmsal texnologiyalara dərindən bələd olmalıdır.

“BIM sistemləri, parametrik dizayn alətləri, süni intellekt memarın layihəni daha dəqiq, çevik və optimallaşdırılmış şəkildə qurmasına imkan yaradır. Eyni zamanda, memar sosial və humanist yanaşmaya sahib olmalıdır. Memarlıq yalnız bina tikmək deyil, insan davranışlarını, gündəlik həyat ritmini və sosial münasibətləri formalaşdırmaqdır. İnklüziv dizayn, ictimai məkanların aktivləşdirilməsi və psixoloji komfort anlayışı bu gün memarlığın əsas mövzularındandır”, - deyə memar vurğulayıb.

A.Hüseynova, həmçinin bildirib ki, bununla yanaşı müasir memar multidissiplinar düşünməyi bacarmalıdır: “Sosiologiya, urbanistika, fəlsəfə, xüsusilə də fenomenoloji yanaşma, eləcə də incəsənət və instalyasiya praktikaları memarın məkanla daha dərin münasibət qurmasına imkan verir. Bu gün memarlıq təkcə texniki peşə deyil, həm də mədəni və intellektual fəaliyyətdir. Nəhayət, innovasiya qlobal trendləri təkrarlamaq deyil, yerli kimliyi müasir dillə ifadə etmək bacarığıdır. Azərbaycan memarlığında da texnoloji yeniliklər milli mədəni kontekstlə uzlaşdırılmalı, şəhərlərimiz öz kimliyini itirmədən inkişaf etməlidir. Məncə, bu balansı qura bilən memar gələcəyin memarıdır”.

Seçilən
93
1
azertag.az

2Mənbələr