Dekabrın 17-də Pakistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş dördüncü “Hanqor” sinifli dizel-elektrik sualtı qayığı (Tip 039A/041) suya salınıb. Mərasim Çinin Uhan şəhərindəki Wuchang Shipbuilding Industry Group Company tərsanəsində baş tutub.
Herbiand.az bildirir ki, sualtı qayığa kafirlərə qarşı döyüşən müsəlmanlar üçün fəxri ad olan “Qazi” adı verilib.
Hökumətlərarası müqavilədə dörd “Hanqor” sinifli sualtı qayığın Çində, qalan dördünün isə Pakistanda Karachi Shipyard & Engineering Works-də (KS&EW) inşa edilməsi nəzərdə tutulur.
Pakistan Hərbi Dəniz Qüvvələri sualtı qayıqların avadanlığı və silahlanması ilə bağlı təfərrüatları açıqlamayıb. Pakistanın “Quwa” müdafiə bloqunun məlumatına görə, sualtı qayıqların uzunluğu 76 metr olacaq.
Mətbuatda “Hanqor” sinifli sualtı qayıqların 450 km-ə qədər uçuş məsafəsi olan “Babur-3” qanadlı raketləri ilə silahlanacağı barədə xəbərlər yayılıb.
Bəxtiyar CƏFƏRLİ