Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycandan Ermənistana neft yükü tədarükünün həyata keçirilməsi rəsmi Bakı və İrəvanın Vaşinqtonda sülhə dair əldə edilmiş razılığını təsdiqləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Bu ticari əməliyyatın kommersiya xarakteri daşıması mühüm əhəmiyyətə malikdir, yəni tərəflər arasında alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilir. Bu, təkcə iki ölkə arasında neft məhsullarının ticarəti ilə məhdudlaşmır. Çünki prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları cəlb olunur (hətta üçüncü tərəfin iştirakı ilə olsa belə). Çünki burada satılan yanacağın pulunun ödənilməsi var. Mən bunu, həmçinin Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin açılması, onun idxalının şaxələndirilməsi yolunda atılmış bir addım kimi də qiymətləndirirəm. Bir məsələni də qeyd edim ki, postsovet dönəmində Ermənistanın neft məhsulları və ümumiyyətlə, enerji bazarında Rusiya böyük çəkiyə sahib olub və qalmaqdadır. Bu kontekstdə Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər”, - deyə ekspert bildirib.
Xatırladaq ki, dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib və 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı yola salınıb. Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.