Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, şübhəsiz ki, önəmli təqvim hadisəsidir. Bu qərar müstəqil dövlətçilik tariximizin önəmli bir mərhələsinin məntiqi yekunu, hüquqi-siyasi inkişafın yeni mərhələsi və bərpa edilmiş suverenliyin siyasi-ideoloji müstəvidə təsbitidir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi ilə bağlı təşəbbüsü dövlətin gücü ilə humanizmin, hüquqla mərhəmətin vəhdətini ifadə edən mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir.
Müasir Azərbaycan dövlətinin təməlində Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, xilaskarlıq missiyası və dövlətçilik fəlsəfəsi dayanır. Xaos, vətəndaş qarşıdurması və parçalanma təhlükəsi fonunda məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi xilasına, siyasi sabitliyin və inkişaf yolunun təmin edilməsinə yol açan tarixi missiyanın gerçəkləşməsi və uğurla davam etdirilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Azər Kərimli söyləyib.
O bildirib ki, bu gün xilaskar liderlik missiyası Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə davam etdirilir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası Konstitusiyanın ali hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində real şəkildə təmin olunması deməkdir. Dövlət artıq yalnız hüquqi baxımdan deyil, faktiki olaraq da bütövdür. “Konstitusiya və Suverenlik İli” məhz bu tarixi həqiqətin siyasi və ideoloji ifadəsidir.
“Prezident İlham Əliyevin siyasətinin əsas fərqləndirici cəhətlərindən biri humanizmin dövlət idarəçiliyinin mərkəzində yer almasıdır. Onun siyasi fəaliyyətində insan amili real prioritetdir. Sosial rifah, həssas qrupların müdafiəsi, sosial ədalətin təmin olunması və mərhəmət prinsipləri bu siyasətin əsas dayaq nöqtələridir. Bu yanaşma cinayət-hüquq siyasətində də öz aydın əksini tapır. Dövlət cəzanı məqsəd deyil, vasitə kimi qəbul edir. Məqsəd isə insanın islahı, cəmiyyətə qayıdışı və hüquqi davranışa təşviqidir. Bu baxımdan amnistiya institutuna yanaşma xüsusi əhəmiyyət kəsb edir. Amnistiya güclü siyasi iradənin göstəricisidir. Özünə güvənən, sabit və suveren dövlət cəzalandırmaqla yanaşı, bağışlamağı da bacarır. Bu baxımdan da amnistiyanın elan edilməsi məhz bu siyasi və mənəvi üstünlüyün ifadəsidir.
Bu təşəbbüsün ideoloji əsasını Azərbaycanın tarixi Qələbəsi – suverenliyin tam bərpası təşkil edir. Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin olunması artıq reallıqdır. Belə bir mərhələdə humanizm və mərhəmət ənənələrinə sadiqlik, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inam və amnistiyadan yararlanan şəxslərin gələcəkdə qanuna əməl edərək cəmiyyətə faydalı olacaqlarına ümid bəsləyən dövlətin cəmiyyətə verdiyi açıq mesajdır.
Amnistiya aktının layihəsi sosial ədalət prinsipinə əsaslanır və xüsusilə Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi uğrunda mübarizə aparmış şəxslərə həssas münasibəti əks etdirir. Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər, həmin döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər bu humanist yanaşmanın əsas hədəf qruplarındandır. Bu, təkcə hüquqi deyil, həm də mənəvi-siyasi borcun yerinə yetirilməsidir.
Eyni zamanda, qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, böyük ictimai təhlükə törətməyən və ya ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərə münasibətdə tətbiq edilən yanaşma dövlətin ədalətli siyasətinin göstəricisidir. Burada məqsəd cəmiyyətin təhlükəsizliyini qorumaqla yanaşı, insan talelərini məhv etməmək, ikinci şans verməkdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu amnistiya miqyasına görə müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaq. İyirmi mindən artıq şəxsin bu qərardan faydalanacağı gözlənilir. Minlərlə insan azadlığa qovuşacaq, on minlərlə ailənin sosial-psixoloji yükü azalacaq. Bu rəqəmlərin arxasında konkret insan taleləri və sosial nəticələr dayanır”, - deyə A.Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanın amnistiya və əfv siyasəti Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilən humanist dövlətçilik ənənəsidir. 1995-ci ildən bu günə qədər qəbul edilən amnistiya aktları və imzalanan əfv fərmanları dövlətin cəmiyyətə münasibətində hüquqla mərhəmətin balansını qoruduğunu göstərir. Bu prosesdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə qəbul edilmiş amnistiya aktları da xüsusi yer tutur.
Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü təkcə hüquqi akt deyil, mühüm və tarixi siyasi mesajdır.