
“Rəqabətqabiliyyətli turizm məhsulunun yaranması üçün bir çox vacib şərtlər var ki, onlara əməl olunmalıdır. Çünki bu gün turist artıq sadəcə hotel və nəqliyyat axtarmır. O, emosiya, hekayə, yerli mədəniyyət, təhlükəsizlik və keyfiyyətli xidmət axtarır” – deyə “Skal İnternational Baku” turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurov bildirib.
AFN.az xəbər verir ki, C.Aşurov Bakıda keçirilən “İllik turizm dəyərləndirilməsi” adlı tədbirdə turizm sahəsində əsas prioritetləri açıqlayıb. Onun sözlərinə görə, ölkəyə gəliş turist üçün cəlbedici olmalı, nəqliyyat xərcləri isə onun büdcəsinin əsas hissəsini “udmamalıdır”.
Mütəxəssis əlavə edib ki, yerli icmalar turizm zəncirinə aktiv cəlb olunmalı, qastronomiya, sağlamlıq, kənd və mədəni turizm istiqamətləri paket halına salınmalı, regionlar üzrə ixtisaslaşmış turizm məhsulları yaradılmalıdır. Həmçinin insan resurslarının hazırlanması prioritet olmalıdır.
C.Aşurov turizmdə innovasiyanın yalnız texnologiya olmadığını, həm də hotel-agentlik-aviaşirkət əməkdaşlığının yeni modelləri, dinamik qiymət və paketləmə sistemləri, süni intellekt əsaslı tələb proqnozlaşdırılması, dayanıqlı və yaşıl turizm yanaşmaları olduğunu qeyd edib. Onun sözlərinə görə, tədarük zəncirində bir halqa zəifdirsə, bütün sistem zəifləyir.