AZ

Əsgərlikdə olanların NƏZƏRİNƏ: Həftə sonları istirahət verilə bilər – BU HALDA

Əsgərlərin psixoloji və fiziki sağlamlığının qorunması hərbi xidmətin ən vacib məsələlərindən biri hesab olunur. Maraqlıdır, əsgərlərə həftə sonu istirahəti verilməsi nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətdə “həftə sonu” anlayışı mülki sahələrdə olduğu kimi qəbul edilmir. Onun sözlərinə görə, əsgər və çavuş heyəti, eləcə də zabitlər üçün istirahət hərbi hissədə gün rejiminə uyğun şəkildə təşkil olunur:

“Əsgərlik xidməti keçən şəxsi heyətə həftə boyu gün rejiminə uyğun olaraq istirahət verilir. Bu istirahət günün müəyyən saatlarında – məsələn, nahar fasiləsindən sonra və xidmət rejiminə uyğun şəkildə həyata keçirilir. Hərbi hissələrdə hər şeyə nəzarət var: otaqların temperaturundan tutmuş şəxsi heyətin gün rejiminə, idman hərəkətlərinə və şəxsi gigiyenaya qədər”.

Üzeyir Cəfərov qeyd edib ki, son dövrlər hərbi hissələrdə psixoloq vəzifələri də müəyyənləşdirilib. Lakin bəzi hallarda bu imkanlardan lazımi səviyyədə istifadə olunmur:

“Psixoloqlar xüsusilə sərt rejimdə xidmət aparan şəxsi heyətlə işləməlidirlər. Bu çox vacib məsələdir”.

Hərbi ekspertin sözlərinə görə, hərbçilər üçün həftənin əvvəli və ya sonu anlayışı yoxdur. Xidmət müddəti orta təhsilli şəxslər üçün 1 il 6 ay, ali təhsilli şəxslər üçün isə 1 ildir. Buna baxmayaraq, istirahət imkanları hərbi hissənin yerləşdiyi ərazi və təyinatından asılı olaraq dəyişir:

“Elə hərbi hissələr var ki, həftə sonu sərbəst şəhərə çıxırlar, kinoya baxırlar. Amma dağlıq ərazilərdə yerləşən hissələrdə – Kəlbəcər, Laçın, Gədəbəy, Naxçıvan kimi yerlərdə relyef buna imkan vermir. Bakı, Gəncə, Lənkəran, Sumqayıt kimi şəhərlərdə yerləşən hissələrlə dağlıq ərazilərdə olan hərbi hissələrin şəraiti eyni ola bilməz”.

Ekspert vurğulayıb ki, əsgərlərin istirahəti hərbi hissənin yerləşdiyi coğrafi mövqeyə və xidmət şəraitinə uyğun şəkildə təşkil edilir və bu amillər psixoloji və fiziki sağlamlığın qorunmasında əsas rol oynayır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
95
konkret.az

1Mənbələr