AZ

ADPU-da Türkiyə və Qazaxıstan müəllimlərinin iştirakı ilə təcrübə mübadiləsi keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə və Qazaxıstandan olan müəllimlərin iştirakı ilə beynəlxalq təcrübə mübadiləsi həyata keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təcrübə mübadiləsi çərçivəsində qardaş ölkələri təmsil edən pedaqoji heyət üzvləri universitetdə tədris prosesi, akademik fəaliyyətin təşkili, elmi-metodik yanaşmalar və müasir təhsil təcrübələri ilə yaxından tanış olublar.

Əməkdaşlıq çərçivəsində qazaxıstanlı alimlər Aziza Junusbekova və Assyl Arenova ADPU-nun İbtidai təhsil fakültəsində I tədris ili tələbələri üçün “Orta təhsildə süni intellektin tətbiqində etik risklərin konseptual tədqiqi” mövzusunda mühazirələr keçiblər. Mühazirələr zamanı süni intellekt texnologiyalarının təhsil sahəsində tətbiqi, bu prosesdə yarana biləcək etik risklər və onların konseptual əsasları ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, Türkiyə Respublikasının Bursa Uludağ Universitetinin Təhsil fakültəsində türk dili ixtisası üzrə müəllim, eləcə də Özbəkistan Respublikası Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzinin müəllimi Hazal Suludağ Yavuz ikihəftəlik proqram çərçivəsində ADPU-nun Filologiya fakültəsinin dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə) ixtisasının tələbələrinə mühazirələr keçib. Dərslərdə türk dilinin tədrisi, sürətli oxu bacarıqlarının inkişafı və müasir metodik yanaşmalar müzakirə olunub.

Sözügedən təcrübə mübadiləsi beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsinə, pedaqoji təhsilin inkişafına və region ölkələri arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə vermək məqsədi daşıyır. ADPU-nun beynəlxalq tərəfdaşlarla əməkdaşlığının gələcəkdə də genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
97
azertag.az

1Mənbələr