“Avropa Rusiya qazından tamamilə imtina etmir, bu, mərhələli şəkildə, 2028-ci ilə qədər olacaq. Əslində bu yenilik deyil. Bu ilin fevralında Avropa Komissiyası Aİ ölkələrinə bu tövsiyyəsini vermişdi”. Bunu Ajans.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, bazar Rusiyanın əlindən tam çıxmasa da, vaxtilə Avropaya 155 milyard kub metr qaz satdığı halda, indi ən yaxşı halda 5 milyard kub metr qaz sata biləcək: “Bu, bazarın Rusiyanın əlindən çıxması deməkdir, hansı ki, 1968-ci ildə bu bazara daxil olmuşdu. Rusiya başa düşür ki, hətta Ukrayna ilə müharibə başa çatsa da, Avropa ilə ticarət əlaqələrində hər hansı yumşalma olmayacaq. Ona görə üzünü Şərqə, Çin bazarına tutur. Rusiyanın Çində planı 2030-cu ilə qədər 100 milyard kub metr qaz satışına çatmaqdır. Ancaq çox problemlər var, çünki hələ yeni infrastruktur yaradılmayıb.
Bundan başqa, Rusiya 2028-ci ilə qədər Mərkəzi Asiyanın 4 ölkəsinə 25 milyard kub metr qaz satmaq istəyir. Həmçinin, Türkiyə bazarında öz yerini qoruyub saxlamaq istəyir - ildə 25 milyard kub metr qaz satışı. Yəni Rusiyanın məqsədi Avropada itirdiyi 130 milyard kub metri Şərq bazarlarında kompensasiya etməkdir. Buna nə dərəcədə nail olacaq? Növbəti 5 illikdə məlum olacaq”. Xatırladaq ki, Avropa Parlamenti 2027-ci ilin payızına qədər Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tədricən dayandırılmasını nəzərdə tutan qanunvericilik aktını qəbul edib.