AZ

Emosional yorğunluq və yuxusuzluğun səbəbləri nədir? - AÇIQLAMA

Gecə yatmaq bədənimizi və zehinimizi bərpa etmək üçün ən təbii və vacib prosesdir. Lakin bəzən istəsək də, yatmaq çətinləşir, gecələr tez-tez oyanırıq və səhərlər yorğun oluruq. Maraqlısı odur ki, bu vəziyyət hər zaman fiziki yorğunluqla izah edilə bilməz. Çox vaxt səbəb beynimizin sakitləşməməsi, gündəlik stress, bastırılmış emosiyalar və davamlı narahatlıqdır. Zehni gərginlik və həddindən artıq məsuliyyət hissi yuxu ritmini pozur, orqanizm kifayət qədər dincəlmədiyi üçün səhər emosional yorğunluqla oyanır.Bu barədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Missiya.Az-a danışıb."Yuxusuzluq və gecə ərzində tez-tez oyanmalar çox vaxt yalnız fiziki yorğunluqla deyil, psixoloji faktorlarla birbaşa əlaqəli olur. Ən geniş yayılmış səbəblərdən biri uzunmüddətli psixoloji gərginlikdir. Gün ərzində həll olunmamış problemlər, daimi narahatlıq, gələcəklə bağlı qeyri-müəyyənlik hissi və daxili təzyiq beynin “sakitləşmə” mexanizmini pozur. Nəticədə insan yatağa uzansa belə, beyin təhlükə siqnalı rejimində qalır və bu da yuxuya getməni çətinləşdirir və yuxunun tez-tez bölünməsinə səbəb olur. Xüsusilə perfeksionizm, həddindən artıq məsuliyyət hissi və özünü daim nəzarətdə saxlamaq ehtiyacı olan insanlarda bu hal daha çox müşahidə edilir",-psixoloq bildirib.E,Rüstəmovun sözlərinə görə, stress, narahatlıq və bastırılmış emosiyalar yuxunun keyfiyyətinə həm birbaşa, həm də dolayı yollarla təsir göstərir. Stress zamanı orqanizmdə kortizol səviyyəsi yüksəlir və bu hormon beyinə “oyanıqlıq” siqnalı verir. Bastırılmış emosiyalar isə gecə saatlarında aktivləşir. Çünki gündüz nəzarətdə saxlanılan düşüncələr və hisslər gecə şüuraltı səviyyədə üzə çıxır. Bu da tez-tez oyanma, narahatedici yuxular, səhər yorğun və gərgin oyanma kimi əlamətlərlə özünü göstərir. Belə hallarda insan kifayət qədər yatmış kimi görünsə də, yuxu bərpaedici funksiyasını yerinə yetirmir."Yuxu pozuntularının psixoloji mənşəli olduğunu göstərən əsas əlamətlərdən biri odur ki, tibbi müayinələrdə ciddi fizioloji problem aşkarlanmır, lakin yuxu şikayətləri davam edir. Adətən bu insanlar gecə yuxuya getməzdən əvvəl düşüncələri dayandıra bilmədiklərini, zehinlərinin daim “işlədiyini”, səhərlər isə fiziki deyil, daha çox emosional yorğunluq hiss etdiklərini bildirirlər. Belə vəziyyətlərdə ən effektiv yanaşma yalnız dərman müalicəsi deyil, psixoloji müdaxilələrlə paralel aparılan kompleks yanaşmadır. Xüsusilə kognitiv-davranışçı terapiya, stressin idarə olunması, emosiyaların düzgün ifadəsi və psixoloji rahatlama texnikaları yuxunun təbii ritmini bərpa etməkdə mühüm rol oynayır. Çünki sağlam yuxu yalnız sakit bədən deyil, eyni zamanda sakit zehin tələb edir",-Elnur Rüstəmov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
101
missiya.az

1Mənbələr