Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu stansiyalarının vəziyyətinin yoxlanılmasını əmr edib.
Publika.az xəbər verir ki, müzakirə hökumətin bu gün keçirilən iclasında İcevan yaxınlığındakı Getahovit kəndində stadion tikintisi üçün özəl torpaq sahəsinin alınmasına təxminən 330 milyon dram (860.000 dollar) ayrılması qərarından sonra başlayıb.
Bu stadionun 2029-cu ildə keçiriləcək Gənclər arasında dünya çempionatının (Ermənistanla Gürcüstan birgə keçirəcək) keçiriləcəyi məkanlardan biri olması planlaşdırılır.
“Buna nail olmaq üçün Ermənistanın UEFA standartlarına cavab verən dörd stadiona ehtiyacı var. Buna görə də hökumət Vanadzordakı stadionu yenidən qurur və tezliklə “Akademqorodok” layihəsinə əsaslanan milli stadionun layihəsi hazırlanacaq. Özəl investor həmçinin Eçmiədzində stadion tikir”, - Paşinyan qeyd edib.
Paşinyan bildirib ki, İcevandakı stadion şəhərin dəmir yolu stansiyasının yanında tikilib. Azərbaycanla sərhədin açılması perspektivi və bu istiqamətdə yük daşımalarının artması nəzərə alınmaqla, stansiyada yeni yük terminalı üçün yer olmaya bilər.