Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda sahibkarlıq mühitinin dəstəklənməsi həyata keçirilən vergi islahatlarının prioritet istiqamətlərindən biridir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Rəşad Nuriyev deyib.
Onun sözlərinə görə, bu sahədə reallaşdırılan tədbirlər biznes mühitinin təkmilləşdirilməsinə, iqtisadi aktivliyin və məşğulluğun artmasına, yerli istehsalın şaxələnməsinə və biznes subyektlərinin dəstəklənməsinə mühüm töhfələr verir. Azərbaycanda həyata keçirilən stimullaşdırıcı vergi siyasətinin və verilən təşviqlərin əhatə dairəsi ildən-ilə genişləndirilir. Vergi Məcəlləsinə növbəti il üçün təklif edilən dəyişikliklərin əsas istiqamətlərindən birini sahibkarların vergi yükünün optimallaşdırılması və biznes fəaliyyətinə təşviqlərin verilməsi təşkil edir.
2026-cı ildən vergi qanunvericilyində nəzərdə tutulmuş vergi güzəştlərini şərh edən Dövlət Vergi Xidmətinin rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni güzəştlərin 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətində Naxçıvan Muxtar Respublikasında da tətbiq edilməsi nəzərdə tutulur.
“Bura mənfəət (gəlir), əmlak, torpaq, ƏDV (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergi üzrə güzəştlər daxildir. Naxçıvanda hazır infrastrukturun, təsərrüfat obyektlərinin, müəssisələrin, əmlak komplekslərinin və aktiv biznes subyektlərinin mövcud olması onların bu güzəştlərdən dərhal faydalanması üçün əlverişli zəmin yaradır”, - deyə idarə rəisi qeyd edib.
R.Nuriyev vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın davamlılığını təmin etmək, əlverişli biznes mühiti yaratmaq və sahibkarlıq fəaliyyətini canlandırmaqdır. Eyni zamanda, bu güzəştlər Naxçıvanın ölkə iqtisadiyyatına daha dərin inteqrasiyasına, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirməyə xidmət edir: “Vergi yükünün azaldılması sahibkarların maliyyə imkanlarının genişlənməsinə, bu da yeni müəssisələrin yaradılmasına, mövcud bizneslərin genişlənməsinə və yeni iş yerlərinin açılmasına imkan verir. Nəticə etibarilə bu, əhalinin məşğulluq səviyyəsinə və sosial rifahın yüksəlməsinə müsbət təsir edir. Ümumilikdə, qeyd olunan vergi güzəştləri həm sahibkarlar, həm də bölgə əhalisi üçün daha əlverişli, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi mühitin formalaşmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək”.