AZ

Süd və ət istehsalı üzrə mövcud problemlərlə bağlı ictimai müzakirə keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli yanaşmanın önəmini qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev ət və süd istehsalçıları ilə aparılan müzakirələrə toxunub. Bildirib ki, son illər ərzində süd və ət istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla da sistemli görüşlər keçirilib, onların qarşılaşdıqları çətinliklər və qanunvericiliklə bağlı gözləntiləri dinlənilib. Müxtəlif dövlət qurumlarının və iri bazar iştirakçılarının iştirakı ilə təşkil olunmuş bu müzakirələrdə vergi mexanizmlərinin istehsal zəncirinə təsiri, maya dəyərinin formalaşması, şəffaflıq və uçot məsələləri gündəmə gətirilib, sahibkarlar tərəfindən yerli istehsalın stimullaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Bu müzakirələr nəticəsində səsləndirilən təkliflərin bir qismi artıq qanunvericilikdə əksini tapıb

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə və hədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Seçilən
28
4
vergiler.az

8Mənbələr