AZ

AZAL səyahəti xoşlayanları sevindirə bilər: Gələn ildən bilet qiymətləri ucuzlaşacaq?

Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin yüksək olması uzun illərdir ictimai müzakirə mövzusudur. Bu fondda gələn ildən aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağı sualı da aktuallığını qoruyur. Bəs, gələn ildən bilet qiymətlərinin ucuzlaşması gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, təyyarə biletlərinin ucuzlaşması üçün əsas və faktiki olaraq yeganə şərt rəqabət mühitinin formalaşmasıdır. Onun sözlərinə görə, rəqabət tam təmin olunmayana qədər aviabiletlərdə ciddi ucuzlaşma gözləmək real deyil.

Ekspert qeyd edib ki, bu sahədə alternativ yollar axtarmağın böyük mənası yoxdur:

“Rəqabət mühiti formalaşmayana qədər təyyarə biletlərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını gözləmək sadəlövhlük olardı. Digər üsullarla qiymətlərin aşağı düşəcəyini düşünmək də doğru yanaşma deyil”.

Eldəniz Əmirov diqqətə çatdırıb ki, Azərbaycanın qonşu ölkələri ilə müqayisədə aviabiletlərin daha ucuz olduğu ölkələr var və bunun konkret səbəbləri mövcuddur:

“Əgər hansısa qonşu ölkədə təyyarə biletləri Azərbaycana nisbətən ucuzdursa, bunun səbəbləri araşdırılmalıdır. Bizdən fərqləri nədir, hansı mexanizmlər tətbiq olunur. Bunları yazmaq və həmin fərqləri aradan qaldırmaq üçün atılmalı addımları müəyyənləşdirmək mümkündür”.

İqtisadçı ekspertin fikrincə, hazırda dünyada tətbiq olunan mövcud praktikalardan istifadə etməklə Azərbaycanda da daha ucuz bilet qiymətlərinə nail olmaq mümkündür:

“Qiymətlərin aşağı salınması üçün çətin və əlçatmaz heç nə yoxdur. Sadəcə olaraq, dediyim bu proseslərin tətbiqi lazımdır”.

Beləliklə, ekspertlərin mövqeyinə görə, gələn ildən təyyarə biletlərinin ucuzlaşması yalnız real rəqabət mühitinin yaradılacağı halda mümkün ola bilər. Əks halda, aviabiletlərdə ciddi qiymət enişi gözlənilmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
92
konkret.az

1Mənbələr