Bakı, 18 dekabr, AZƏRTAC
“Yaşıl Şəbəkə – Eko-Məktəblər” proqramı çərçivəsində respublika üzrə qeydiyyatdan keçmiş 100-dən artıq ümumtəhsil müəssisəsinin rəhbərliyi, koordinatorları və ekoklub rəhbərlərinin iştirakı ilə ilk onlayn məlumatlandırıcı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib.
Bildirilib ki, 2015-ci ildən etibarən RUGİM və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı ölkə üzrə məktəblərdə ekoloji təhsilin inkişafına yönəlmiş sistemli fəaliyyət sistemi kimi tətbiq olunur. 2024-cü ildən etibarən bu proqram “Foundation for Environmental Education” tərəfindən həyata keçirilən “Eco-Schools” (“Eko-Məktəblər”) proqramı ilə inteqrasiya edilib.
Görüş zamanı iştirakçılara “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı, “Ekoloji yönümlü və enerji effektiv yaşıl məktəb” təşəbbüsü, “EcoTracker” mobil tətbiqi, ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik proqramı, ekoklubların illik ekoloji forumları, eləcə də digər əlaqəli ekoloji təşəbbüslər barədə məlumat təqdim edilib. Qeyd olunub ki, bu istiqamətlər “Foundation for Environmental Education” tərəfindən həyata keçirilən “Eco-Schools” proqramının milli icra mexanizmini təşkil edir.
Eyni zamanda, görüş çərçivəsində məktəblərin mərhələli fəaliyyət modeli, koordinator və ekoklub rəhbərlərinin funksiyaları, eləcə də müəllimlər üçün nəzərdə tutulan təlimlər və monitorinq mexanizmləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzi “Foundation for Environmental Education” beynəlxalq təşkilatının Azərbaycandakı milli üzv təşkilatı kimi fəaliyyət göstərir və bu çərçivədə “Eco-Schools” proqramının ölkə üzrə icrasını və əlaqələndirilməsini həyata keçirir.