
“Azərbaycan benzininin ilk partiyası artıq Ermənistana göndərilir”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycan yanacağını daşıyan vaqonlar Ermənistana çatacaq.
"Bizim vəzifəmiz biznesləri müharibə aparmaq əvəzinə ticarət edə biləcəkləri bir sahəyə gətirmək olub. Müharibə itkilər gətirir, ticarət isə rifah gətirir", - deyə siyasətçi vurğulayıb.
Papoyan Azərbaycan yanacağının nə vaxt, hansı həcmdə və hansı müddət ərzində tədarükünün həyata keçiriləcəyini dəqiqləşdirməyib.
"Nəqliyyat, daşıma və s. ilə bağlı müxtəlif məsələlər var, bizneslər artıq bir-biri ilə razılaşacaqlar", - deyə o bildirib.
Ermənistan bazarında Azərbaycan benzininin hansı qiymətə satılacağı ilə bağlı suala Papoyan belə cavab verib:
“İndi demək çətindir, ilk tədarükdə xərclər standart deyil və görünür ki, növbəti tədarük də standart olmayacaq. Biz bunu bazar vəziyyəti formalaşdıqda dəqiq deyə biləcəyik”, - deyə siyasətçi əlavə edib.
Papoyan Azərbaycan benzinini konkret olaraq hansı özəl şirkətin aldığını açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan tərəfindən Ermənistana AI-95 markalı benzin ixracı həyata keçirilib.
Daşqın HəsənovMissiya.Az