Bakıda Qətər Dövlətinin Milli Günü qeyd olunub. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Qətərin Dövlət himnləri səsləndirilib.
Hafta.az yazır ki, çıxış edən Qətərin ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Həməd əl-Hemaidi bildirib ki, Qətər əmiri, Şeyx Təmim bin Hamad əl-Taninin rəhbərliyi ilə 2030 inkişaf konsepsiyasına uyğun fəaliyyət göstərirlər. Bu konsepsiyanın məqsədi rifah, çiçəklənmə və davamlı inkişaf olub, dost dövlətlərlə, o cümlədən, qədim tarix və zəngin mədəniyyətə malik Azərbaycanla əlaqələrin inkişafını əhatə edir.

“Dost Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqlarımız və vətənlərimiz üçün xeyirli olan bu konsepsiyanın həyata keçirilməkdədir. Belə ki, Qətər Dövləti ilə Azərbaycan arasında bütün sahələrdə, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına çalışırıq. İki ölkənin məsul şəxslərinin və iş adamlarının qarşılıqlı səfərləri, o cümlədən, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Dohaya sonuncu səfəri, əməkdaşlığı təşviq etmək və istədiyimiz nəticələrə nail olmaq üçün müştərək komissiyanın dördüncü toplantısının keçiriməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan verib”, - deyib diplomat.
Azərbaycan hökuməti adından çıxış edən fövqəladə hallar naziri, Azərbaycan və Qətər hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov bildirib ki, otuz ildir Azərbaycanla Qətər Dövləti arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, konstruktiv dialoq və sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə dair ortaq öhdəliyə əsaslanır. Mütəmadi yüksək səviyyəli mübadilələr və institusional siyasi məsləhətləşmələr ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsində və ölkələrimiz arasında əməkdaşlığın davamlı, çoxşaxəli tərəqqisinin dəstəklənməsində mühüm rol oynayıb.

Nazir qeyd edib ki, bu kontekstdə, avqustun 11-də prezident İlham Əliyevlə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani arasında keçirilən telefon danışığı dövlət başçıları səviyyəsində siyasi dialoqun yüksək intensivliyini bir daha təsdiqləyib. Eyni zamanda, sentyabrın 9-da Azərbaycanda keçirilən çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr "Sonsuz Qardaşlıq-IV" təlimində digər ölkələrin Xüsusi Təyinatlı Qüvvələri ilə yanaşı, Qətər Xüsusi Təyinatlı Qüvvələrinin də iştirakı iki ölkəmiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın praktik aspektlərini nümayiş etdirib.
Nazir Heydərov bildirib ki, son illərdə Qətər ardıcıl və transformativ inkişaf yolu tutaraq regionun ən dinamik şəkildə inkişaf edən ölkələrindən birinə çevrilib.

"Qətər Milli Vizyonu 2030"un həyata keçirilməsi iqtisadi şaxələndirmə, infrastrukturun modernləşdirilməsi və təhsil, turizm və innovasiya sahələrində irəliləyişlər üçün yeni imkanlar açıb. Bu gün Qətər qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, humanitar əməkdaşlığın təşviqində və beynəlxalq proseslərə fəal töhfə verən dövlətlər arasında dialoqun inkişafında mühüm rol oynayır. Qətərin davamlı və dinamik inkişafı ikitərəfli münasibətlərinin davamlı şəkildə möhkəmləndirilməsi və əməkdaşlıq üçün yeni yolların müəyyən edilməsi üçün möhkəm təməl yaratmışdır. Bu kontekstdə Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional mexanizm kimi xidmət edir. Komissiyanın bu ilin noyabr ayında çağırılan dördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində mühüm mərhələ oldu. Sessiya zamanı iştirakçılar ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər prioritet sahələr də daxil olmaqla, vacib sektorlar üzrə əməkdaşlığın gücləndirilməsi strategiyalarının hərtərəfli nəzərdən keçirilməsini həyata keçirdilər”, - deyib nazir Kəmaləddin Heydərov.

Nazir deyib ki, noyabrda keçirilən Komitənin dördüncü iclası ölkələrimiz arasında mövcud hüquqi və müqavilə çərçivəsi vətəndaşlarımız arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaradır. Onun sözlərinə görə, yüksək səviyyəli sazişlər vasitəsilə yaradılan vizasız səyahət rejimi, Bakı ilə Doha arasında müntəzəm birbaşa uçuşlarla birlikdə turizmin inkişafına, eləcə də biznes və humanitar əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə kömək edib.

“Əminəm ki, Azərbaycan-Qətər əməkdaşlığını daha da inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar mövcuddur. Xüsusilə, nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi və maliyyə, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığımıza yeni təkan verəcək”, - deyə nazir çıxışını başa vurub.

Çıxşlardan sonra tərəflər bir-birinə bayram hədiyyəsi təqdim edib və tort kəsilib, daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.