Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib.
Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv olunub.
Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Ölkə başçısı tərəfindən daha bir amnistiya təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Millət vəkili Elman Nəsirov “Cebheinfo.az”-a bildirib ki, bu yaxınlarda Zəfərimizin 5-ci ildönümünü qeyd etdik, eyni zamanda bu il “Konstitusiya və Suverenlik İli”dir:

“Məhz bu il çərçivəsində cənab Prezident növbəti dəfə humanist bir təşəbbüslə çıxış edib. Bildirim ki, amnistiya təşəbbüsü ideyasının özü Ulu Öndər Heydər Əliyevin dönəmindən ölkəmizdə tətbiq edilir. Azərbaycanda indiyə qədər, 1995-ci ildən 2025-ci ilə qədər 130 mindən çox insan amnistiya nəticəsində azadlığa qovuşub.
Qeyd edim ki, cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq məhz bu istiqamətdə də fəaliyyətini davam etdirib. İndiyədək cənab Prezident 5 dəfə amnistiya aktına imza atıb və bu, artıq 6-cıdır.
İndiyədək bu amnistiya aktları içərisində ən böyüyüdür və 20 mindən çox insanı əhatə edir. Amnistiya yunan sözüdür, mənası “bağışlamaq” deməkdir. Yəni insanlar ki, cinayətə imza atıblar, öz azadlıqları ilə vidalaşıblar, məhkum statusu qazanıblar, məqsəd onları azad həyata qaytarmaq və növbəti dəfə şans verməklə, bir daha belə səhvlər etməməsi, cəmiyyətə inteqrasiyanı təmin etməkdir.
Nəzərə alsaq ki, bu gün Azərbaycanda səfərbər olmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi var. Bu nöqteyi-nəzərdən 20 min insanın da öz ailəsinə qovuşması səfərbər olmuş cəmiyyətin daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir.
Bu insanlar cəmiyyətin ləyaqətli üzvü olmaq şansı əldə edirlər və bu da çox əhəmiyyətlidir. Bildirim ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva parlamentdə olarkən 2007, 2009, 2013 və 2016-cı illərdə 4 amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Onları parlament təsdiqləmişdi.
Cənab Prezidentin bu amnistiya təşəbbüsü hazırda cəmiyyətdə çox böyük rezonans doğurub, böyük diqqət və hörmətlə qarşılanıb. Cənab Prezidentin humanizm və mərhəmət hisslərinə sədaqətin ifadəsidir. İlk növbədə o insanlar azadlığa qovuşacaq ki, onlar ərazi bütövlüyü və suverenliyimizin təminatında, Vətən müharibəsində, eyni zamanda antiterror əməliyyatlarda iştirak edib həlak olmuş insanların qohumları ön planda olacaq.
Eyni zamanda, burada qadınlara xüsusi diqqət yetiriləcək və 60 yaşdan başlayaraq insanlara, yetkinlik yaşına çatmayanlara, Ermınistanla müharibə dövründə mülki əhaliyə qarşı hücumları nəticəsində əlil olmuş insanlarla, onların qohumları ilə bağlı xüsusi yanaşma var. Onların azadlığa çıxması prioritet hesab edilir.
Bu, bir daha ölkəmizin humanizm, mərhəmət prinsiplərinə, insanların yenidən öz həyatına qayıdışının təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Cəmiyyətdə çox böyük ruh yüksəkliyi ilə qarşılanıb”.