ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,5 milyard funt sterlinq (təxminən 3 milyard ABŞ dolları) məbləğinin Ukraynanın humanitar ehtiyacları üçün yönəldilməsini tələb edir.
“AzPolitika” bildirir ki, Qərb mətbuatı Londonun bu əməliyyata lisenziya verdiyini yazıb.
Lisenziyanın şərtlərinə görə, vəsait yalnız Ukraynadakı humanitar məqsədlərə xərclənməlidir. Gələcəkdə əldə olunacaq mənfəət isə bütün dünyada münaqişənin qurbanlarına yardım məqsədilə istifadə oluna bilər.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Abramoviç vəsaiti köçürməzsə, hökumət məhkəməyə müraciət etməyə hazırdır.
Baş nazir Kir Starmer bildirib:
"Bugünkü lisenziya vaxt uzatmağa yer qoymur. Roman Abramoviç “Çelsi”nin satışı zamanı qoyulan öhdəliyi yerinə yetirməli, 2,5 milyard funt sterlinqi Ukrayna üçün humanitar məqsədlərə köçürməlidir. Bunu könüllü etməzsə, hökumət buna məhkəmə yolu ilə nail olmağa hazırdır. Hər bir qəpik Putinin qanunsuz müharibəsinin qurbanlarına çatmalıdır".
Vəsaitin Ukraynaya köçürülməsi London klubunun satış razılaşmasının şərtlərindən biri idi. Sövdələşmə 2022-ci ilin mayında bağlansa da, pullar hələ də köçürülməyib. Hazırda vəsait Abramoviçə məxsus şirkətlərdən birinin dondurulmuş hesabında saxlanılır.
“The Daily Mail” yazıb ki, Abramoviç pulların bir hissəsinin müharibədən zərər görmüş rusiyalılara yönəldilməsini tələb edərək, köçürülmə sazişini imzalamaqdan imtina edir.
Rusiya Ukraynaya müdaxiləyə başladıqdan sonra Abramoviç Böyük Britaniyada sanksiya siyahısına daxil edilib. Sanksiyalar onun aktivlərinin dondurulmasını nəzərdə tuturdu. Lakin hakimiyyət Abramoviçə “Çelsi”ni amerikalı iş adam Todd Bouli və “Clearlake Capital” özəl investisiya şirkətinə satmağa icazə verib, lakin satışdan əldə olunan vəsaitin müharibədən zərər çəkmiş ukraynalılara yönəldilməsi şərti ilə.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.