AZ

Cümhuriyyət Parlamentinin Dəftərxana rəisi Məmməd ağa Vəkilov

Məmməd ağa Mustafa ağa oğlu Vəkilov 1862-ci ildə Qazax elinin Salahlı kəndində anadan olmuşdur. Qori Seminariyasını bitirmiş (1883), Kutaisi quberniyasında kənd müəllimi işləmiş, Qori Seminariyasının özündə türk dilini tədris etmişdir. Sonra Kutaisi hərbi qubernatorluğu hərbi xalq idarəsində dövlət müşaviri rütbəsində yazı tərcüməçisi işləmişdir (onun burada işlədiyi vaxtlarda qubernator Mixail Yakovleviç Şalikov idi). Bu xidməti vəzifəsi barədə Qafqaz kalendan"nın 1895-ci il buraxılışında məlumat vardır.

Sonra xidməti vəzifəsi Tiflisə dəyişdirilmiş, 1905-ci ildən Kollegiya Asessoru mülki rütbəsində burada Qafqaz canişini Vorontsov–Daşkovun dəftərxanasında, hərbi-xalq işləri idarəsində, 1913-cü ildə Xüsusi şöbədə eyni işlərlə məşğul olmuşdur. Canişin dəftərxanasında işləyərkən o zamankı Tiflisin mədəni və ictimai həyatında yaxından iştirak etmiş, şəhərin türk əhalisi arasında ən hörmətli adamlardan biri olmuşdur. Ən yaxın dostları Tiflisin türk ziyalılarının qaymağı Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli olmuşdur. Xalqının maariflənməsi yolunda var qüvvəsi ilə çalışan Məmməd ağa XX yüzilin əvvəllərində Tiflisdə hər dildə bir neçə qəzet çıxdığı halda, Qafqazda əhalinin çoxluğunu təşkil edən türklərin dilində bircə qəzet ("Şərqi-rus") çıxmasından narahat olduğundan, təşəbbüsdə bulunaraq 1905-ci ilin iyununda türkcə "İqbal" qəzeti nəşr etmək arzusu ilə canişin dəftərxanasına rəsmi ərizə ilə müraciət edir. Həmin komitənin sədri Qakkel iyunun 20-də Vəkilovun ərizəsinə rədd cavabı verməyi məsləhət görür. Səbəb - "Şərq dilləri üzrə senzor qıtlığı" göstərilirdi. Onun yaxın dostu bu vaxt “Novruz” adlı qəzet buraxmaq üçün ərizə vermişdir. Qanunun tələb etdiyi təhsil senzinə malik olan hər iki şəxs rədd cavabı alsalar da geri çəkilmirlər. Maraqlıdır ki, hər iki qəzetin hökümətə təqdim edilən proqramları eyni olmuşdur. Ruhdan düşməyən dostlar dostlar çox güman ki, sözləşib siyasətə əl atırlar. Cəlil Məmmədquluzadə avqustun 13-də Qafqaz canişininə ərizə ilə müraciət edir: “Zatialinizə məlum edirəm ki, Tiflis şəhərində "Novruz" qəzetini nəşr etmək barədə verilən hüquqdan Məmməd ağa Mustafa ağa oğlu Vəkilovun xeyrinə əl çəkirəm”. Üç gün sonra - avqustun 16-da Vəkilov icazənamə alır. Həmin ilin oktyabr ayında Vəkilov "İqbal"ı çıxarmaq üçün hökumətdən “Novruz”un hesabına aldığı hüququ Cəlil Məmmədquluzadəyə qaytarır. ”Vozrojdeniye" qəzeti bu barədə yazmışdı:

"1906- cı ildən “İqbal" qəzetinin Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxacağını elan etmişlər". Lakin sonra Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalını çıxarmaq qərarına gəldiyindən bu niyyət gerçəkləşməmiş qalır. Məmməd ağa 1906-cı il fevralın 20-də Tiflisdə canişin  Vorontsov-Daşkovun təşəbüsü ilə Yaşıl zal adlı Hümayun salonda başlanan erməni-müsəlman danışıqlarında Əhməd bəy Ağaoğlu, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, doktor Qara bəy Qarabəyov, İbrahim ağa Vəkilov, Ələkbər bəy Xasməmmədov, Adil xan Ziyadxanov və s. şəxslərlə bərabər Qafqazın türk əhalisini təmsil etmişdir. Məmməd ağa bu illərdə geniş ictimai iş də aparmışdır. O, 1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində işləmişdir. Bu vəzifədə əmizadəsi hərbçi İbrahim ağa Vəkilovu əvəz eləmişdi. Xidməti işləri ilə bağlı olaraq İbrahim ağanın xeyriyyəçiliklə məşğul olmağa vaxtı az qalırdı. Məmməd ağa Vəkilov Birinci Cahan Savaşı ərəfəsində zabit hazırlığı məktəbində Osmanlı türkcəsindən dərs demiş, hətta 1914-cü ildə həmin məktəbin müəllimi general-mayor M.D.Qutorla birlikdə 68 səhifəlik “Türk dilinin qısa qrammatikası" kitabını nəşr etdirmişdir. Çar Nikolayın 1915-ci ildə Qafqaz səfəri əsnasında Tiflisdə Sərdar Sarayında onun şərəfinə verilən ziyafətdə Qafqaz müsəlmanları adında “salam" nitqi söyləməyin ona etibar olunması Məmməd ağanın hökumət yanında böyük etimad sahibi olmasından xəbər verirdi. Millətpərvər ziyalılar dəstəsinə mənsub olan Məmməd ağa Azərbaycanın istiqlalı ideyasına rəğbətlə yanaşmış, millətin taleyində həlledici rol oynamış olan həmin dramatik hadisələrdə bir kənarda durub baxmamışdır. Məmməd ağanın həyatı 1918-ci ildən sonra Bakı ilə bağlı olmuş burada demokratik cümhuriyyət süqut edən günədək parlament dətərxanasının rəisi vəzifəsində çalışmış, yeni dövlət quruculuğunda qüvvəsini əsirgəməmişdir. Sovetləşmədən sonra bir müddət Qadın Darülmüəllimatında türk dilindən dərs demiş, lakin sonra pensiyaya çıxmış, heç bir yerdə işləməmişdir. Oğlu Mustafa Parisdən qayıtdıqdan sonra firavan yaşayırdılar, oğlunun öz bibisi qızı Müqəddənisa xanımla evlənməsi, nəvələri Çingiz və Nigarın dünyaya gəlişi bu evə özü ilə işıq gətirmişdi.

Zəmanəsinin tanınmış şəxsiyyətiərindən olan Məmməd ağa Əmiraslan ağa Şıxlinskaya qızı  (general Əli ağa Şıxlinskinin əmisi qızı) ilə  ailə qurmuşdur. Bu izdivacdan doğulan Mustafa ağa Vəkilov Azərbaycanın ilk hüquq professoru olmuşdur. Məmməd ağa yeganə oğluna atası Mustafa ağanın adını qoymuşdur. Oğlunun həbsindən sarsılan Məmməd ağa Vəkilov  1941-ci ildə dünyasını dəyişmişdir.

 

Hüquqşünas Elbrus Məmmədov

  

Seçilən
89
qht.az

1Mənbələr