Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və pedaqoji heyəti Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, müraciətin mətni universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə təşkil edilən təntənəli tədbirdə səsləndirilib.
Müraciətdə qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illiyinin təntənəli qeyd olunması ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına olan dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin göstəricisidir:
"Sizin rəhbərliyiniz altında yeni çağırışlara uyğun həyata keçirilən müasir, güclü Azərbaycan quruculuğu siyasəti nəticəsində ölkəmiz regionun aparıcı və nüfuzlu dövlətlərindən birinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş və bərabərhüquqlu subyektə çevrilmişdir. Son illərdə həyata keçirilən institusional islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların kompleks tərəqqisi, rəqəmsal transformasiya və innovasiya yönümlü inkişaf strategiyası ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.
Sizin uzaqgörən siyasətiniz və Ali Baş Komandanlığınızla ərazi bütövlüyümüzün, həmçinin suverenliyimizin bərpası Azərbaycanın hərtərəfli inkişaf dinamikasını daha da sürətləndirmişdir. Xüsusilə qeyd etmək istərdik ki, son onillikdə təhsil sahəsində aparılan islahatlar ali təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaratmışdır. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal tədris modellərinin yaradılması, Sizin insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətinizin real nəticələridir.