Eyni davranış kişidə “yetkinlik”, qadında isə “özbaşınalıq” adlandırılır"
Bu gün Azərbaycanda ictimai nəqliyyatların sükanı qadınlara etibar edilir; qadınlar hüquq-mühafizə orqanlarında çalışır; yüngül atletikadan tutmuş, ağırlıqqaldırmaya qədər, demək olar ki, bütün idman növlərində çempion olur və digər ağır fiziki işlərdə çalışırlar. Hələ də onlara “qorunmalı obyekt” kimi baxılır.
Mövzu ilə bağlı Hafta.az-ın müsahibi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.
– Müasir dövrümüzdə hələ də qadınları “qorunmalı obyekt” kimi görənlər var...
– Bizdə “qadın və azadlıq” ifadələrinin qorxulu səslənməsi azadlığın mahiyyətinin səhv oxunmasından yox, qadın üzərində qurulmuş nəzarət modelinin sarsılmasından qaynaqlanır. Azadlıq burada hüquq və məsuliyyət kimi deyil, nəzarətdənçıxma, çərçivənipozma, itaətsizlik kimi kodlaşdırılıb. Uzun illər qadın azadlığı sosial sabitliyin və kişi nüfuzunun əksi kimi təqdim edilib. Bu, psixoloji olaraq qadına inamsızlıqdan deyil, qadının öz həyatının subyekti olmasına qarşı daxili müqavimətdir. Qadın azad olanda, artıq kimsənin onun adına qərar vermək üstünlüyü qalmır. Bu isə bəzi insanlar üçün məsuliyyət itkisi deyil, hakimiyyət itkisi deməkdir. Ona görə də azadlıq məsuliyyət kimi deyil, təhlükə kimi qəbul edilir.
Digər tərəfdən, biz azadlığı kişilər üçün özünüidarəetmə bacarığı, qadınlar üçün isə nəzarətsizlik riski kimi oxumağa öyrəşmişik. Eyni davranış kişidə yetkinlik, qadında isə özbaşınalıq adlandırılır. Bu ikilistandart qadının gücünə deyil, qadının seçmək haqqına olan qorxudan doğur. Əslində, azadlıq qadın üçün daha çox məsuliyyət deməkdir. Seçimlərinin nəticəsini daşımaq, öz həyatının yükünü çəkmək, riskləri dəyərləndirmək. Görünən budur ki, cəmiyyət qadını hələ də “qorunmalı obyekt” kimi görür. Problem qadını qorumaqda yox, onu obyekt kimi görməkdir. Qadın qorunmalı deyil, hörmət edilməli və hüquqları təmin olunmalı fərddir. Düşünürəm, cəmiyyət dəyişdikcə, təhsil və düşüncə forması yeniləndikcə, bu yanaşma da tədricən zəifləyir.
– Qadının gücü niyə qəbul olunmur?
– Qadın güclü, müstəqil, qərar verən şəxs kimi çıxış edəndə bəzən “təhlükəli” və ya “uyğunsuz” sayılır. Ona görə də “qoruma” adı altında zəiflədilmiş rolda saxlanması daha rahat qəbul edilir. Səbəb təbii ki, müxtəlifdir.
Birincisi, qadın daha çox “ailənin namusu”, “evin dayağı” kimi təqdim olunub. Bu baxış qadını müstəqil fərd deyil, qorunmalı və nəzarətdə saxlanmalı varlıq kimi göstərib. İkincisi, çox vaxt “qoruma” anlayışı qadının təhlükəsizliyini təmin etməkdən çox, onun davranışlarını məhdudlaşdırmağa çevrilir: hara gedə bilər, necə geyinməlidir, nə vaxt evə qayıtmalıdır və sair. Bu isə qayğı kimi təqdim olunsa da, əslində azadlığın məhdudlaşdırılmasıdır. Üçüncüsü, bir çox ailədə qadın “İnsanlar nə deyər?” düşüncəsi ilə sərt çərçivədə saxlanılır. Qadının davranışı ailənin nüfuzu ilə eyniləşdirilir, kişinin davranışı isə daha çox bağışlanır.
– Bir müddət öncə genderəsaslı zorakılığa qarşı kampaniya başladıldı. Məqsəd nə idi və gözlənilən nəticəni verə bildimi?
– Əslində, genderəsaslı zorakılığa qarşı kampaniya yalnız qadınlara deyil, bütün cəmiyyətə aid idi. “Gender” anlayışı həm qadın, həm də kişi rollarını əhatə etdiyinə görə, zorakılığın qarşısının alınması prosesində hər iki cinsin iştirakı vacibdir. Kişilər bu kampaniyanın həm hədəf qrupu, həm də tərəfdaşıdır. Gender stereotipləri onlara da təsir edir və onlar da zorakılığın qurbanı və ya şahidi ola bilirlər. O cümlədən baş verən qeyri-insani hərəkətlərin vaxtında qarşısını almaqda əsas hərəkətverici qüvvəyə çevrilə bilərlər. Kampaniya heç kimə qarşı ayrı-seçkilik etmirdi. Məqsəd hər kəsin təhlükəsiz, zorakılıqsız və bərabər cəmiyyətdə yaşamasını təmin etməkdir. Necə deyərlər, heç kim kənarda qalmamalıdır. Yəni kampaniyanın mesajı təkcə “Qadınları müdafiə edək” deyil, həm də “Sağlam münasibətlər quraq”, “Kişilər də bu mübarizədə tərəfdaşdırlar”, “Heç kimə qarşı ayrı-seçkiliyə yol verilmir”, “Zorakılıqsız cəmiyyət hər kəsin haqqıdır” prinsipinə əsaslanırdı.
Kampaniya çərçivəsində qadınların yaşadıqları əzablar, onlara qarşı ədalətsizliklər və genderəsaslı zorakılığın doğurduğu fəsadlar haqqında çox danışıldı və danışılır. Təbii ki, bu müzakirələrin məqsədi bərabərliyin təmin olunması və cəmiyyətin şüurunda dəyişiklik yaratmaqdır. Axı cins fərqinə görə heç kəs öz ağlının, bacarığının, əməyinin bəhrəsindən məhrum edilməməlidir.
– Ağıllı, bacarıqlı, potensialı olan qadına həqiqətən yol açırıqmı? Onun düşüncəsini, yaradıcılığını, analiz qabiliyyətini dəyərləndirə bilirikmi?
– Bərabərlikdən danışdığımız halda, bərabərliyin dərin fəlsəfəsini dərk etməyən şəxsləri yarıyolda qoymaq cəmiyyətin özünü də iflic edən bir prosesə çevirər. Qadının potensialı boğulduqca, toplumun inkişaf enerjisi də zəifləyir. Bununla yanaşı, fikrimcə, sözügedən kampaniya yalnız qlobal problemləri təkrarlamaq deyil, hər ölkənin, hər cəmiyyətin özünəməxsus reallıqlarını, boşluqlarını və həll yollarını müzakirə etmək üçün bir tribuna kimi dəyərləndirilməlidir. Yəni, sadəcə, zorakılığın faktlarını xatırlatmaq yox, həm də qadının düşüncəsinin, ağlının, iradəsinin və yaradıcılığının gücləndirilməsi üçün yol xəritəsi çəkmək lazımdır. Bərabərlik yalnız hüquqi anlayış deyil, dəyərləndirilmək, görünmək və dəstəklənmək təcrübəsidir.
– Təhsil və gender bərabərliyi mövzusunda boşluqlar varmı? Gender bərabərliyi, qadının hüquqları məktəb və ictimai müzakirələrdə yetərincə dərin şəkildə öyrədilirmi?
– Bu günlərdə bir psixoloqun müsahibəsində belə fikrə rast gəldim: “Ali təhsilli qadınla orta təhsilli kişinin evliliyi uzunömürlü ola bilməz”. Bu fikirlə razılaşmıram. Bu yanaşma mahiyyət etibarilə ayrı-seçkiliyə əsaslanır və xüsusilə illərlə formalaşmış digər bir stereotipi – “Qadın kişidən daha çox qazandıqda, ailədə xoşbəxtlik mümkün deyil” – düşüncəsini gücləndirir. Biz gender bərabərliyi uğrunda mübarizə apararaq, cəmiyyətin köhnəlmiş düşüncə tərzindən azad olmağa çalışdıqca, təəssüf ki, bəzi təhsilli qadınların belə fikirləri əksinə olaraq, mövcud stereotipləri daha da möhkəmləndirir.
Ailənin sağlamlığı və davamlılığı təhsil fərqindən və ya maddi üstünlükdən deyil, tərəflər arasında qarşılıqlı hörmət, dəyərlərin uyğunluğu, emosional dayanıqlıq və tərəfdaşlıq bacarığından asılıdır. Bu səbəbdən də ailə qurmağa hazırlaşan şəxslər arasında belə stereotiplərin yenidən gündəmə gətirilməsi yox, əksinə, yeni dövrün dəyərlərinə uyğun şəkildə yenilənməsi və aradan qaldırılması məqsədəuyğundur. Müasir ailə modeli qarşılıqlı anlayışa əsaslanmalı, fərqlərin deyil, dəyərlərin və ortaq məqsədlərin üzərində qurulmalıdır.
– Müasirliyin süni intellekt dövründəyik. Bu dövrə asanlıqla keçid edənlər də var, tərəddüddə qalanlar və haradasa qorxu hiss edənlər də. Yanaşmanız necədir?
– Texniki yeniliklər çox zaman insanın rahatlığı üçün nəzərdə tutulsa da, paradoksal şəkildə onun aktivliyini, funksionallığını və hətta müstəqil düşünmə qabiliyyətini zəiflətmək təhlükəsi yaradır. Evimizi bizim yerimizə robotlar yığır, paltarları maşınlar yuyur, yeməyi ağıllı qurğular bişirir, yazıları süni intellekt hazırlayır; hətta təzəlikcə eşitdim, cimzidirməyi də öz üzərlərinə götürüblər. Nəticədə, insanın özünüifadə imkanları azalır, gündəlik həyat bacarıqları kölgədə qalır, intellektual səylərə ehtiyac minimuma enir və təbii ki immun sistemi çökür. Rahatlıq artdıqca, insanın hərəkətə, düşünməyə və yaradıcılığa olan daxili tələbatı tədricən zəifləyir. Bilirəm deyəcəksiniz ki, xeyr, belə deyil. Bu, həqiqətdir. “Canrahatlığı” kimi başa düşülən bu vərdişlərə alışdırmamağı tövsiyə edirəm. Çalışın, immun sisteminiz hərəkətsizlikdən çökməsin. Nə bilmək olar, bir gün texnologiya dayanarsa, aciz və gücsüz qalarsınız...
Arzu Zeynallı