Pezeşkian ABŞ-yə etirazını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. İran prezidenti ölkəsinin zəif göstərilməsinə yol verməyəcəyini və nüvə bombası axtarışında olmadığını bəyan edib.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların hazırkı vəziyyətini sərt tənqid edib.
O bildirib ki, Vaşinqton danışıqları davam etdirmək üçün Tehrana qəbuledilməz tələblər irəli sürür.
“Biz ABŞ ilə danışıqlar aparırdıq və razılığa gəlməyə hazır idik, lakin onlar müharibə ilə razılaşmanı pozdular. İndi isə danışıqların davam etdirilməsi üçün bizə alçaldıcı şərtlər təklif edirlər. Mən bunu qəbul etməyə hazır deyiləm”, – Pezeşkian bildirib.
Prezident vurğulayıb ki, rəsmi Tehran alçaldılmağa dözməyəcək:
“Biz İranın zəif və parçalanmış bir ölkə obrazında təqdim olunması ilə heç vaxt razılaşmayacağıq”.
Pezeşkian həmçinin ölkəsinin münaqişə tərəfdarı olmadığını qeyd edib:
“Biz dəfələrlə bəyan etmişik ki, nüvə bombası yaratmağa çalışmırıq və istənilən yoxlamaya hazırıq”.
Xuraman Etibarlı
İnterpress.az