2025-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarların 5800-dən artıq investisiya layihəsinə 340 milyon manatdan çox güzəştli kredit verilib. Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sahibkarlara "Dayaq" mükafatının təqdim edilməsi mərasimində deyib.
E.Əliyev vurğulayıb ki, ABİF, həmçinin, rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir.
2020-2025-ci ilin cari dövrünü əhatə edən müddət ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri təxminən 1,8 milyard manat olub.
E.Əliyev cari ilin 9 ayı da daxil olmaqla sənaye zonaları üzrə ümumi investisiya həcmini də açıqlayıb. O deyib ki, bu müddət ərzində ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib. Bu dövrdə sənaye zonaları üzrə ixrac həcmi 17% artıb və qeyri-neft-qaz ixracının təqribən 30 faizini təşkil edib.