“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında 2026-cı il üçün təşkilatın əsas prioritetləri və 2025-ci ildə əldə olunan nəticələr barədə danışıb.
Onun sözlərinə görə, 2026-cı ildə təşkilatın əsas hədəflərindən biri yeni kiçik sahibkarlığın formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda iri sahibkarlar arasında korporativ sosial məsuliyyət anlayışının gücləndirilməsi, sahibkarların bir araya gətirilməsi, onların məhsullarının xarici bazarlara çıxarılması və yeni kəşf edilən Afrika bazarına inteqrasiyanın təmin olunması prioritet istiqamətlər sırasındadır:
"2025-ci ildə ölkədə kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və əhəmiyyət daha aydın şəkildə hiss olunub. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yaradılması bu sahədə ictimai iştirakçılığın artmasına mühüm töhfə verib. Kənd yerlərində fermer təsərrüfatlarının yaradılması və kooperativlərin formalaşdırılması davamlı bir ənənəyə çevrilməli, insanlar bu istiqamətdə təşviq və maarifləndirmə yolu ilə dəstəklənməlidir".
İctimai Birlik sədri əlavə edib ki, 2025-ci ilin mühüm yeniliklərindən biri kənd təsərrüfatı sahəsində dinamik inkişafın daha qabarıq görünməsi olub:
"Həm təşkilatları, həm də bütövlükdə vətəndaş cəmiyyəti üçün 2025-ci il uğurlu, məhsuldar və yeniliklərlə zəngin bir il kimi yadda qalıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi müxtəlif tədbirlərdə iştirak etmək, bu platformalarda yer almaq bizim üçün yeni imkanların və perspektivlərin açılması deməkdir. Ümumilikdə 2025-ci ili vətəndaş cəmiyyəti üçün çox uğurlu il hesab edirəm".