Polşa Soyuq müharibədən bəri ilk dəfə piyada əleyhinə minaların istehsalını bərpa edəcək. Onlar minaları şərq sərhədi boyunca yerləşdirmək və həmçinin, ehtimal ki, onları Ukraynaya ixrac etmək istəyirlər...
Poliqon xəbər verur ki, bu barədə Reuters agentliyinə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski məlumat verib.
"Biz ən qısa müddətdə çox sayda mina almaqda maraqlıyıq", deyə o, jurnalistlərə bildirib.
Zalevskinin sözlərinə görə, piyada əleyhinə minalar Polşanın Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərini gücləndirməyə yönəlmiş Şərq Qalxanı müdafiə proqramının bir hissəsi olacaq. O, mina istehsalının gələn il başlamasını istədiyini, lakin bunun mümkün olduğundan hələ əmin olmadığını qeyd edib: "Mən bunu çox istərdim. Bizim belə bir ehtiyacımız var".
Agentlik xatırladıb ki, Polşa avqust ayında Ottava Konvensiyasından (piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən müqavilə-red.) çıxmaq prosesinə başlayıb. Bundan qısa müddət sonra Varşava zəruri hallarda piyada əleyhinə mina istehsalına başlamağı planlaşdırdığını açıqlayıb.
Zalevski jurnalistlərlə söhbətində Ukraynaya piyada əleyhinə minaların tədarükü nəzərdən keçirildiyini təsdiqləyib. Lakin qərar istehsal güclərindən asılı olacaq: "Bizim başlanğıc nöqtəmiz öz ehtiyaclarımızdır. Lakin bizim üçün Ukrayna mütləq prioritetdir, çünki Avropa və Polşa təhlükəsizlik xətti Rusiya-Ukrayna cəbhəsi boyunca uzanır".
Polşa müdafiə şirkəti "Belma"nın baş direktoru Yaroslav Zakrzevski jurnalistlərə bildirib ki, Polşa Şərq Qalxanı proqramının bir hissəsi olaraq milyonlarla mina ilə təchiz olunacaq: "Biz Polşanın tələbatının hər növ 5-6 milyon mina olacağına hazırlaşırıq".
Zakrzevski qeyd edib ki, Polşa Müdafiə Nazirliyi hələ sifariş verməyib, lakin gələn il şirkət piyada əleyhinə minalar da daxil olmaqla, bütün növ 1,2 milyona qədər mina istehsal edə biləcək. Onun sözlərinə görə, hazırkı istehsal həcmi ildə təxminən 100.000 minadır.
"Belma" şirkətinin baş direktoru jurnalistlərə bildirib ki, Ukraynaya mina ixracı mümkündür. O əlavə edib ki, Rusiya ilə həmsərhəd olan NATO ölkələri artıq piyada əleyhinə minalar almaqda maraqlı olduqlarını bildiriblər.
Poliqon.info