AZ

2025-ci ildə itirdiyimiz məşhur SİMALAR - FOTO

2025-ci
2025-ci ilin həyatımızdan çıxmağına sayılı günlər qalıb. Bu bir il ərzində baş verən hadisələr içərisində ən yadda qalanları, sözsüz ki, tanınmış simalar və ziyalıların ölümü oldu. Onlar səssiz getdilər, amma geridə qoyduqları sözlər və izlər daim xatirələrdə yaşayacaq.
1news.az 2025-ci ildə itirdiyimiz ziyalı və sənətkarlarımızı təqdim edir: İlin ilk kədərli xəbəri 5 yanvar tarixində “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə tamaşaçıların sevgisini qazanan Azər Baxşəliyevlə bağlı oldu. Böyrək çatışmazlığından vəfat edən 39 yaşlı aktyor “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Azər Baxşəliyev
Tanınmış aktrisa və müğənni Çimnaz Sultanova 15 yanvar 2025-ci ildə həyatla vidalaşdı. “Vicdan haqqı” serialındakı Larisa obrazı ilə tanınan 45 yaşlı aktrisa uzun müddət mübarizə apardığı xərçəng xəstəliyinə məğlub olaraq Əmircan qəbiristanlığında dəfn olunmuşdur.
Çimnaz Sultanova
Əməkdar jurnalist Yasin Qaraməmmədli isə fevralın 15-də dünyasını dəyişib. 86 yaşlı Y.Qaraməmmədlinin ölüm səbəbi uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.
Yasin Qaraməmmədli
SSRİ Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 12 mart tarixində78 yaşında dünyadan köçüb. Beyninə qan sızması nəticəsində vəfat edən Azərbaycanın balet artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Tamilla Şirəliyeva
Xalq artisti, həyatını Azərbaycan kinosuna həsr edən və bir-birindən maraqlı obrazlar yaradan Ənvər Həsənov martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib. 74 yaşlı sənətkar Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında -həyat yoldaşı olan aktrisa Mömünat Qurbanovanın yanında dəfn edilib.
Ənvər Həsənov
Eyni tarixdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də dünyasını dəyişib.
Ziyadxan Əliyev
Mart ayının 17-də Azərbaycan Rəssamlar İttifaqının üzvü Nağdəli Xəlilov 79 yaşında həyata gözlərini yumdu.
Nağdəli Xəlilov
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevbu ilin aprelində 66 yaşında vəfat edib. Qeyd edək ki, aktyorun səhhəti əməliyyatdan sonra ağırlaşmışdı.
Möylə Mirzəliyev
Bu ilin 27 iyununda Lənkəranın “Nənələr” folklor qrupunun üzvlərindən olan Xanımbacı Quliyeva89 yaşında vəfat edib.
Xanımbacı Quliyeva
İyul ayının 6-da bəstəkar və Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu bu ilin iyulunda dünyasını dəyişib. O, Türkiyədə istirahət edərkən qəfil səhhəti pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ruslan Əhmədoğlu
Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Kür (Həsən Zeynallı) 8 iyul tarixində beyin qanaması səbəbindən xəstəxanada dünyasını dəyişib. O, Vətən müharibəsinin iştirakçısı olub.
Həsən Kür
Əməkdar incəsənət xadimi, professor və fleytaçı Telman Hacıyev 17 iyulda 88 yaşında vəfat edib.
Telman Hacıyev
Eyni ayın 19-da aktyor Əlvan Fərmanoğlu63 yaşında həyatla vidalaşıb. Xatırladaq ki, şəkərli diabet və digər yanaşı xəstəliklər səbəbindən aktyorun sağ ayağı ötən il amputasiya olunmuşdu.
Əlvan Fərmanoğlu
Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev həyata gözlərini yumub. Sənətkarın 87 yaşı var idi. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Arif Babayev​
Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva avqustun 2-də vəfat edib.
Brilyant Babayeva
Görkəmli yazıçı, dramaturq və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Elçin Əfəndiyev bu il dünyasını dəyişən sənət adamları sırasındadır. Avqust ayının 3-də 82 yaşında dünyasını dəyişən E.Əfəndiyev Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Elçin Əfəndiyev
Avqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürovun cəsədi küçədə aşkar edilib. Onun vəfat səbəbi isə infarkt olub.
Kəramət Şükürov
Avqust ayında ədəbiyyat dünyasına üz tutan ikinci itki isə Vidadi Babanlının ölümü oldu. 98 yaşlı yazıçı, tərcüməçi, “Şərəf” ordenli yazıçı və məşhur “Vicdan susanda” romanının müəllifi olan V.Babanlı 16 avqust tarixində gözlərini əbədi olaraq yumdu. O, doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.
Vidadi Babanlı
Şair Məmməd İsmayıl isə eyni ayın 19-da ürək çatışmazlığı səbəbindən 85 yaşında həyatını itirib. O, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında torpağa tapşırılıb.
Məmməd İsmayıl
Azərbaycanın xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.
Hacı Murad Yagizarov
Sentyabrın 23-də “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həyatını itirib. Ona şəhidlik statusu verilib. Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq döyüşüb.
Səyyaf Əhmədov
Əməkdar artist, “Parni iz Baku” KVN komandasının üzvü Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşlı aktyor Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Cabir İmanov
Oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib. Onun 75 yaşı var idi.
Oqtay Şirəliyev ​​​​​
9 oktyabrda isə xalq artisti, Azərbaycan qiraət ustası, aktrisa Əminə Yusifqızı həyata gözlərini yumdu. 89 yaşlı qiraət ustası “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub.
Əminə Yusifqızı
Oktyabrın 12-də dünyasını dəyişən jurnalist Nizami Rəhmanlının 73 yaşı var idi. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlisəmid Kür oktyabrın 13-də vəfat edib. O, aktyor Qorqud Cəfərlinin atasıdır.
Əlisəmid Kür
Oktyabrın 15-də dünyadan köçən xalq artisti, tarzən Ramiz Quliyevin 78 yaşı var idi.
Ramiz Quliyev
Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oktyabrın 16-da 86 yaşında vəfat edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sabirabadda Fatma Hüseynova ilə görüşü

Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Bəxtiyarov oktyabrın 16-da uzunsürən xəstəlikdən sonra həyatını itirib. Onun 46 yaşı var idi.
Rəşad Bəxtiyarov
6 noyabrda isə əməkdar artist Vahid Əliyev vəfat edib. 73 yaşlı aktyor Badamdar qəbiristanlığında dəfn olunub.
Vahid Əliyev
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov 18 noyabrda həyatla vidalaşıb. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Y.Muradov gecə saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 66 yaşlı aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Yadigar Muradov
18 noyabr tarixi Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilovanın vəfat xəbəri ilə yadda qaldı. 96 yaşlı rəqqasə “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Roza Cəlilova
Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov isə 17 dekabrda dünyasını dəyişib. Onun sükan arxasında ürəyi dayanıb və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Nadir Hüseynov

Allah rəhmət etsin!

Seçilən
153
1news.az

1Mənbələr