ABŞ ordusu Sakit okeanda xüsusi əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb. Müdafiə naziri Pit Heqsetin əmri ilə keçirilən əməliyyatda 4 “narko-terrorçu” zərərsizləşdirilib.
Məlumata görə, dekabrın 17-də ABŞ-nin müdafiə naziri Pit Heqsetin göstərişi ilə “Cənub Nizəsi” (Southern Spear) Birgə Əməliyyat Qrupu beynəlxalq sularda terror təşkilatı kimi tanınan qruplaşmanın idarə etdiyi gəmiyə ölümcül kinetik zərbə endirib.
Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotrafik marşrutu üzrə hərəkət edib və narkotik ticarəti əməliyyatları ilə məşğul olub.
Nəticədə ümumilikdə dörd “narko-terrorçu” öldürülüb. Əməliyyat zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Xatırladaq ki, bundan əvvəl, dekabrın 15-də də Sakit okeanın şərq hissəsində üç gəmiyə zərbə endirilmişdi.
Xuraman Etibarlı
İnterpress.az