ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
“Təyinat məntəqəsi: Qan bağları” serialının rejissorları kimi tanınan Zak Lipovski və Adam B. Steyn “Paramount” kino şirkəti üçün “Səyahətçi” adlı elmi-fantastik dram filminin ekranlaşdırılması üzrə danışıqların son mərhələsinə keçiblər. Rejissorların yaxın vaxtlarda bu layihə üzərində birgə əməkdaşlığa başlayacağı bildirilir.
Reyting.az xatırladır ki, sözügedən kino layihəsi ilkin olaraq rejissor Li Ayzek Çuna həvalə edilmişdi. Lakin fikir ayrılıqları səbəbindən o, layihədən uzaqlaşıb və nəticədə ekran işinin reallaşdırılması bir müddət ləngiyib.
Məlumata görə, çəkilişlərinə tezliklə başlanacaq, hətta insayderlərin ehtimalına görə, 2026-cı ilin ilk aylarında lentə alınacaq film amerikalı yazıçı Cozef Ekkertin hələ nəşr olunmamış eyniadlı romanı əsasında çəkiləcək. Filmin süjet xətti ailə dramı ilə başlayır və daha sonra genişmiqyaslı elmi-fantastik hekayəyə çevrilir. Əsas obraz zaman daxilində idarəolunmaz şəkildə səyahət etmək qabiliyyəti qazanmış 47 yaşlı bioloq Skott Tredderdir.
Yaxın vaxtlarda çəkilişləri planlaşdırılan “Səyahətçi” filminin son ssenari versiyası üzərində işini tamamlayan Castin Rods studiyanın və rejissorların istəyi ilə layihənin əsas ssenari müəllifi kimi təsdiqlənib.
Qeyd edək ki, Zak Lipovski və Adam B. Steynin birgə çəkdiyi “Təyinat məntəqəsi: Qan bağları” filmi ən çox gəlir gətirən ekran əsərləri siyahısına daxil olub. Film dünya üzrə 315 milyon dollardan artıq gəlir əldə edib.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.