
Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputat Anar Məmmədovun Tərtərdə şəhid ailəsi ilə görüşüb, saytlarda bu barədə xəbər paylaşması birmənalı qarşılanmayıb.
AFN.az xəbər verir ki, jurnalist Mübariz Hacılı məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, rayonu təmsil edən deputatlar Bədəl Bədəlov və Anar Məmmədovun haqqında əslində reklam xarakteri daşıyan bu cür məlumatlarla tez-tez rastlaşır: "Belə paylaşımlar edərək saytlarda xəbər kimi yayılmasını təmin edən deputatlar demək istəyirlər ki, bunlar çox qayğıkeş deputatdırlar. Necə deyərlər, əsl millətin vəkilidirlər. Bəlkə də belədir, demək istəyərdim, ancaq deyə bilmirəm. Çünki dekabr ayının 5-də elə müəllimlərin özlərini reklam etdikləri sosial şəbəkı üzərindən Goranboy rayonu, Zeyvə kənd sakini - şəhid qardaşı və qazi Seyhun Resulovun problemi ilə bağlı yazmışdım. Həmin yazıda Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputları işarələyib, imkan daxilində kömək etmələrini xahiş etmişdim. Çox hörmətli deputatlar nəinki, Seyhun Rəsulova kömək etdilər, heç maraqlanmadılar belə".
Qeyd edək ki, sözügedən açıqlamada M.Hacılı Goranboy rayonu, Zeyvə kəndinin ərazisindən keçərkən gəlini ilə tarlada çalışan şəhid anası Bahar Rəsulova haqqında məlumat verib. Şəhid anası bildirib ki, oğlu, Qarabağ müharibəsi qazisi Rəsulov Seyhunun ailəsinin maddi durumu çox ağırdır: "Bahar xanım qeyd etdi ki, hətta nəvələrinin dərsə getməsində belə ailə problem yaşayır. Seyhun Rəsulov əvvəllər hərbi hissələrin birində sürücü kimi çalışıb, 44 günlük Vətən müharibəsi savaşında yaralandığına görə işdən çıxıb, ancaq əlillik dərəcəsi ala bilmir. Adam əlil olduğuna görə işə qəbul olunmur, sağlam olduğuna görə əlillik dərəcəsi ala bilmir! Bahar xanıma söz verdim ki, oğlu Seyhun Resulovun problemlərinin Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputatlara və rayon icra hakimiyyətinə çatdıracağam. Bakıya çatdıqdan sonra sözümü yerinə yetirmək üçün Goranboy rayonunu Milli Məclisdə hansı deputatların təmsil etməsi ilə maraqlandım. Məlum oldu ki, rayonun üç deputatı var: Bədəl Bədəlov, Müşfiq Cəfərov, Anar Məmmədov. Şəhid anasınin qazi oğlunun problemləri ilə bağlı şikayətini yazıb hər üç deputatı işarələdim, lakin təəssüflər olsun ki, üstündən günlərlə vaxt keçməsinə baxmayaraq, nə deputatlardan, nə də Goranboy rayon İcra Hakimiyyətindən xəbər çıxmayıb.
Lakin Goranboy rayon İcra Hakimiyyəti və bu rayonu Milli Məclisdə təmsil edən deputatlar tez-tez rayon sakinləri ilə görüşlərini əks etdirən şəkilləri sosial şəbəkələrdə paylaşaraq vətəndaşlara qayğı göstərdiklərini reklam edirlər. Nəyə görə reklam edirlər yazdım? Çünki bu qədər qayğıkeş olsaydılar, ən azı qazi uşaqlarının məktəbə getməkdə çətinlik çəkməyinə laqeyid münasibət göstərməzdilər".
Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini verməyə hazırıq.