Sızdırılan məlumatlar arasında yüksəkvəzifəli şəxslərin və xüsusi xidmət əməkdaşlarının kontaktları var...
İranlı hakerlər İsrailin sabiq baş naziri Naftali Bennetin şəxsi mobil telefonunu sındırıblar.
Poliqon xəbər verir ki, bu barədə "Voennoe obozrevatel" Telegram kanalı məlumat yayıb. Bildirilir ki, kiberhücum nəticəsində telefonun yaddaşından mühüm məlumatlar əldə edilərək internetə sızdırılıb.
Məlumata görə, açıq mənbələrə 141 kontaktın yer aldığı telefon kitabçası çıxarılıb. Həmin kontaktların böyük əksəriyyəti İsrailin yüksəkvəzifəli məmurlarına, Mossad əməkdaşlarına və əks-kəşfiyyat strukturlarında çalışan şəxslərə aiddir. Bu fakt sızmanın potensial təhlükəsizlik risklərini daha da artırır.
Kanalın iddiasına əsasən, Naftali Bennet şəxsi telefonunda keçirdiyi görüşlərlə bağlı qeydlər də aparıb. Həmin qeydlərin də hakerlərin əlinə keçdiyi və artıq ictimaiyyət üçün əlçatan olduğu bildirilir. Bu məlumatların məzmunu və hansı dövrü əhatə etdiyi ilə bağlı isə hələlik əlavə detallər açıqlanmayıb.
Eyni zamanda qeyd olunur ki, hakerlər sabiq baş nazirin şəxsi yazışmalarını da dərc edəcəklərini vəd ediblər. Əgər bu baş verərsə, sızmanın siyasi və təhlükəsizlik baxımından ciddi rezonans doğura biləcəyi istisna edilmir.
Rəsmi Təl-Əviv və Naftali Bennetin özü hələlik yayılan məlumatlara münasibət bildirməyib.
Poliqon.info