AZ

Erməni yepiskoplar Bütün Ermənilərin Katolikosunun istefası tələbi ilə mitinqə çağırış ediblər

Yepiskoplar kilsə ətrafında təhlükəli proseslərin həm dövlət, həm də milli təhlükəsizliyə risk yaratdığı bildiriblər...

Poliqon xəbər verir ki, Erməni Kilsəsinin bir qrup yepiskopu Bütün Ermənilərin Katolikosu Qaregın II-nin istefası tələbi ilə keçiriləcək mitinqə qoşulmaq çağırışı edib. Bəyanat Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda görüşmüş yepiskoplar qrupu adından yayılıb.

Bəyanatda vurğulanır ki, “kilsə ətrafında gedən təhlükəli proseslər” elə bir mərhələyə çatıb ki, bu, “həm kilsə, həm dövlət, həm də möminlər üçün geri dönməz zərər” vura bilər. Yepiskoplar bildirirlər ki, Erməni Apostol Kilsəsinin mərkəzi olan Birinci Taxt Müqəddəs Eçmiədzinin hazırkı vəziyyəti “milli və dövlət təhlükəsizliyinin maraqlarını təhdid edir”.

Müraciətdə ictimaiyyət konkret tarix və məkana dəvət olunur. “18 dekabr saat 17:00-da bütün ermənilərin mənəvi mərkəzi olan Birinci Taxt Müqəddəs Eçmiədzində bizimlə birlikdə olun və Bütün Ermənilərin Katolikosu Qaregın II-nin istefaya göndərilməsi ilə bağlı ədalətli tələbi dəstəkləyin. Bu tələb artıq təxirəsalınmaz zərurətə çevrilib”, deyə bəyanatda qeyd edilir.

Müşahidəçilərin fikrincə, kilsə daxilində bu cür açıq çağırışlar Ermənistan cəmiyyətində dini institut ətrafında gərginliyin artdığını göstərir. Eyni zamanda, prosesin siyasi müstəviyə keçməsi və dövlət–kilsə münasibətlərinə təsir etməsi ehtimalı da istisna olunmur.

Poliqon.info

Seçilən
125
poliqon.info

1Mənbələr