Razi Nurullayev hesab edir ki, əgər dövlət gənc mütəxəssislərə bölgələrdə işlədikləri dövrdə layiqli əməkhaqqı, yaşayış şəraiti, sosial paketlər, güzəştli kreditlər və gələcək karyera imkanları təqdim edərsə, bu proses könüllülük əsasında da effektiv nəticə verə bilər: “Eyni zamanda, dövlət sifarişi ilə təhsil alan məzunlar üçün müəyyən müddət ixtisas üzrə işləmə şərtinin tətbiqi beynəlxalq praktikada da mövcuddur və müzakirəyə açıq məsələdir. Hesab edirəm ki, Azərbaycanda aqrar sahədə kadr təminatının gücləndirilməsi üçün müəyyən işlər aparılır və bu il İtaliya ilə birlikdə yeni universitet də açılıb. Amma həyata keçirilən və keçiriləcək tədbirlər ölkəmizin sosial-iqtisadi reallıqlarına uyğunlaşdırılmalıdır. Məqsəd gəncləri cəzalandırmaq yox, bölgələrdə işləməyi cəlbedici və perspektivli etmək olmalıdır. Bu istiqamətdə balanslı və mərhələli islahatlara ehtiyac var və gərək onlar da sürətlə həyata keçirilsin. Etiraf edək ki, ciddi durğunluq və problemlər mövcuddur”. Təhsil eksperti, dosent İlham Əhmədov da açıqlamasında bildirib ki, Azərbaycanda, xüsusilə aqrar ixtisaslar üzrə məzunların regionlara təyinatla göndərilməsinə ehtiyac var, lakin bu, köhnə sovet modeli ilə deyil, yeni və ağıllı mexanizmlə həyata keçirilməlidir: “Azərbaycanda universitet məzunlarının, xüsusilə aqrar ixtisaslar üzrə məzunların regionlara təyinatla göndərilməsi zəruridir. Çünki ölkənin aqrar potensialı regionlardadır, aqrar kadrların böyük əksəriyyəti isə Bakı və digər iri şəhərlərdə cəmləşib. Nəticədə kənd təsərrüfatında elmi əsaslı idarəetmə zəifdir, subsidiya, torpaq, su və məhsuldarlıqla bağlı problemlər yerində həll olunmur. Aqrar sahədə təcrübə var, amma bilik çatmır. Aqrar təhsillə real istehsal arasında ciddi uçurum yaranıb. Bu gün aqrar ixtisaslar üzrə minlərlə məzun olsa da, kəndlərdə aqronom, baytar, torpaqşünas, suvarma mütəxəssisi və aqrar menecer çatışmır. Kənd var, torpaq var, subsidiya var, amma ixtisaslı kadr yoxdur”.
İ.Əhmədov keçmiş təyinat sisteminin iflasa uğrama səbəblərindən də danışıb: “Sovet dövründə təyinat məcburi idi, maddi və sosial stimullar zəif idi, yerli mühitə adaptasiya mexanizmi mövcud deyildi. Bunun nəticəsində formal işləmə, işdən yayınma və motivasiyasızlıq yaranırdı. Deməli, problem təyinatın özündə yox, onun modelində idi. Bu gün təyinat lazımdır, amma hansı halda? Təyinat məcburi olarsa, uğursuz olar, əgər təyinat ağıllı olarsa, inkişaf yaradar. Bu yanaşma aqrar, pedaqoji və tibb ixtisasları üzrə xüsusilə vacibdir. Aqrar sektor strateji sahədir: ərzaq təhlükəsizliyi, kəndlərin yaşaması və idxaldan asılılığın azalması üçün həyati əhəmiyyət daşıyır. Bu sahəni bazarın ümidinə buraxmaq olmaz. Aqrar bilik “yerində”, yəni kənddə dəyər yaradır, şəhərdə yox. Aqronom kabinetdə deyil, sahədə effektivdir. Baytar şəhərdə yox, fermada lazımdır. Regionlarda ciddi “bilik defisiti” var: fermer subsidiya qaydalarını bilmir, torpaq analizi aparılmır, məhsuldarlıq təsadüfi xarakter daşıyır. Halbuki bir savadlı mütəxəssis yüz hektarın taleyini dəyişə bilər”. Ekspertin fikrincə, yeni təyinat modeli lazımdır: “Məcburi deyil, şərti və motivasion təyinat, güclü stimullar olmadan bu sistem işləməz. Dövlət yüksək əmək haqqı, kirayə və ya xidmət evi, kommunal və internet dəstəyi, kənd üçün əlavə bonuslar kimi zəmanətləri təmin edilməlidir”.Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.
