“Ümumiyyətlə, həm toy, həm də yas mədəniyyəti bizim adət-ənələrimizin bir hissəsidir və hər biri tarixi keçmişi ilə fərqlənir. Müasir dövrdə bu adətlərə yeni elementlər daxil olub və nəticədə onların mürəkkəbliyi artır, insanlara isə yorucu təsir göstərir. Bir çox hallarda adətlər öz formalarından xeyli uzaqlaşır. Hər bir adətin öz məzmunu və ifadə forması olmalıdır. Toy adətlərində müəyyən yenilikləri tətbiq edə bilsək, həm forma, həm də məzmun baxımından bu yeniliklər ümumi qəbul olunmuş norma çərçivəsinə salına bilər. Eyni yanaşmanı yas adətlərinə də tətbiq etmək mümkündür. Buna görə də cavab olaraq toy adətlərindən başlamaq məqsədəuyğundur. Bugünkü toy adətləri, qeyd etdiyimiz kimi, əvvəlki formalarını xeyli itirib. Burada iştirakçıların sayı, musiqi seçimləri, kiçik uşaqların iştirakı, toyun davametmə müddəti, yeməklərin çeşidi və qonaqların tərkibi kimi məsələlər əhəmiyyətlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, toylar artıq Milli Məclisin müzakirəsinə çıxıb. Ölkə əhalisinin böyük əksəriyyəti toyların necə, hansı formatda və dəbdəbədə keçirildiyini bilir. Millət vəkili Aqil Abbas bildirib ki, nə qədər fərman çıxarsalar da, toy yenə də toy olaraq qalacaq və tam qadağa mümkün deyil. Spiker Sahibə Qafarova insanları toy mədəniyyəti ilə bağlı maarifləndirməyin vacibliyini vurğulayıb. Deputat Razi Nurullayev isə toylardakı israfçılığı tənqid edərək, toyların beynəlxalq standartlara uyğunlaşdırılmasını təklif edib.
Sosioloq bildirib ki, bütün bunlar vahid norma çərçivəsinə salınmalıdır, çünki cəmiyyət özü bunu tənzimləyə bilməz.