AZ

Avropa Parlamenti 2027-ci ilin sonunadək Rusiya qazından imtinanı dəstəkləyib

Qərar Aİ-nin enerji asılılığını azaltmaq və Moskvanın enerji gəlirlərini məhdudlaşdırmaq məqsədi daşıyır...

Poliqon xəbər verir ki, Avropa Parlamenti Rusiya qazından mərhələli şəkildə imtina edilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsünü böyük səs çoxluğu ilə qəbul edib. Sənədin lehinə 500 deputat səs verib, 120 nəfər əleyhinə çıxıb, 32 deputat isə bitərəf qalıb. Qərara əsasən, Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiya mənşəli qaz idxalını tam dayandırmağı hədəfləyir.

Qanun layihəsi növbəti mərhələdə Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Şura razılıq verdikdən sonra sənəd Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və hüquqi qüvvə alacaq. Qəbul edilən çərçivəyə görə, Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü 2026-cı ilin əvvəlindən qadağan ediləcək. Boru kəmərləri ilə daşınan qazın idxalı isə mərhələli şəkildə azaldılaraq 2027-ci il sentyabrın 30-dək tam dayandırılacaq.

Avropa Parlamentində paralel olaraq Rusiya neftinin bütün növlərinin idxalına qadağa qoyulması məsələsi də müzakirə olunur. Avropa Komissiyası bu istiqamətdə ayrıca qanun layihəsini 2026-cı ilin əvvəlində təqdim etməyi öhdəsinə götürüb. Komissiyanın sədri Ursula fon der Lyayen dekabrın 3-də açıqlamasında bildirib ki, Aİ hələ də Rusiya mənşəli fosil yanacaqların idxalına görə hər ay təxminən 1,5 milyard avro ödəyir və bu vəziyyət Birliyin strateji maraqları ilə uzlaşmır.

Bununla yanaşı, qərar Aİ daxilində yekdilliklə qarşılanmayıb. Macarıstan və Slovakiya Rusiya qazından imtinanın əleyhinə çıxaraq bu addımın milli enerji təhlükəsizliyinə zərbə vuracağını bildiriblər. Hər iki ölkə qəbul ediləcək qərarın məhkəmə qaydasında mübahisələndirilə biləcəyini də istisna etməyib.

Poliqon.info

Seçilən
81
poliqon.info

1Mənbələr