AZ

“Sülh”dən danışan ruslardan çəkinin...

Moskva üçün bu söz Qərbdə başa düşüldüyü mənanı daşımır...

Müəllif: Ceyms Kirçik, Axel Springer-in qlobal müxbiri, “Avropanın Sonu: Diktatorlar, Demaqoqlar və Gələn Qaranlıq Dövr” kitabının müəllifi.

Politico nəşri

Soyuq müharibə dövründə etibarlı bir empirik qayda mövcud idi: əgər hansısa təşkilatın adında “sülh” sözü yer alırdısa, böyük ehtimalla o ya Sovet İttifaqının rəsmi orqanı idi, ya da onun örtük strukturu kimi fəaliyyət göstərirdi. Bu fenomenin kökləri 1948-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş “Sülhün müdafiəsi uğrunda dünya mədəniyyət xadimlərinin konqresi”nə gedib çıxır. Konqres SSRİ və onun Polşadakı marionet rejiminin dəstəyi ilə təşkil olunmuşdu və Sovet İttifaqının demək olar ki, bir il davam edən Berlin blokadasına başlamasından cəmi iki ay sonra baş tutmuşdu.

Konfransda Qərbin tanınmış intellektual elitasının nümayəndələri iştirak edirdi: fransız mədəniyyət tənqidçisi Jülen Benda, alman dramaturqu Bertolt Brext, amerikalı yazıçı Hovard Fast və s. Tribunadan Sovet İttifaqı və digər “proqressiv qüvvələr” sülh uğrunda mübarizənin ön sıralarında təqdim olunur, Qərb ölkələri isə “müharibə qızışdıranlar” kimi damğalanırdı.

1949-cu ildə, SSRİ-nin ilk nüvə sınağını keçirdiyi ildə Parisdə Dünya Sülh Tərəfdarları Komitəsi yaradıldı, Nyu-Yorkda isə simvolik olaraq “proletariatın qalası” sayılan Waldorf-Astoria otelində “Bütün dünyada sülh naminə mədəni və elmi konfrans” keçirildi.

“Bizim ölkə, Sovet İttifaqı xalqlar arasında sülh və dostluğun tərəfdarıdır”, deyə həmin vaxt Sovet Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyev bəyan etmişdi. Bu iddia Moskvanın Mərkəzi və Şərqi Avropada hökmranlığını möhkəmləndirmək üçün həyata keçirdiyi zorakı addımlarla birbaşa ziddiyyət təşkil edirdi.

Özlərini “sülh tərəfdarları” elan edən Sovet İttifaqı və onun Qərbdəki simpatiyaçiləri sinik bir məntiqi konstruksiya qurmuşdular: onlara qarşı çıxan hər kəs avtomatik olaraq müharibənin tərəfdarı sayılırdı. Axı kim, hansı ölkə sülh kimi ali və nəcib anlayışa qarşı çıxa bilərdi? Bu dil oyunu daha ağır və real cinayətləri gizlətmək üçün istifadə olunurdu: “sülh”ə sevgi bəyan edilərkən, SSRİ zorakılıq və ya onun tətbiqi hədəsi ilə ərazilər ələ keçirir, bütöv xalqları tabe edirdi.

Bu gün Rusiya eyni ssenari ilə hərəkət edir və “sülh” təklifləri irəli sürür. Bu təkliflər isə faktiki olaraq Vladimir Putinin 2022-ci ildə tammiqyaslı işğala başlamazdan əvvəl səsləndirdiyi birtərəfli tələblərlə demək olar ki, tam üst-üstə düşür. Buna baxmayaraq, Donald Tramp administrasiyası bu təklifləri öz razılaşma planının başlanğıc nöqtəsi kimi qəbul edib və Ukraynaya onları qəbul etməsi üçün təzyiq göstərir.

Bu kontekstdə Moskvanın əvvəlki “sülh” kampaniyalarının tarixi xüsusilə ibrətamizdir. Bu kampaniyalarda Dünya Sülh Şurası qədər mühüm rol oynayan başqa bir təşkilat olmayıb. 1949-cu ildə Parisdə yaradılan bu qurumun ən səs-küylü təşəbbüsü nüvə silahının qadağan olunmasına çağıran “Stokholm müraciəti” idi. Şura iddia edirdi ki, petisiyaya dünya üzrə 600 milyon insan imza atıb və görünür ki, bu rəqəmə Sovet İttifaqında yaşayan bütün yetkin əhali də daxil edilmişdi.

Açıq-aşkar həqiqəti anlayan Fransa 1951-ci ildə Dünya Sülh Şurasını kommunistlərin nəzarətində olan xarici təşkilat kimi ölkədən çıxardı. Şura Sovet işğal zonasında yerləşən Vyanaya köçdü. Avstriyanın daxili işlər naziri həmin vaxt bu qurumun “sülhlə heç bir əlaqəsinin olmadığını” bildirirdi. Orada da səbr tükəndikdən sonra köçəri “sülh döyüşçüləri” nəhayət neytral Finlandiyada məskunlaşdılar və Dünya Sülh Şurası Şərq və Qərb qarşıdurmasının sonunadək məhz orada qaldı.

İkinci dünya müharibəsindən, bəşər tarixinin ən dağıdıcı müharibəsindən sonra milyonlarla insan bu sovet “sülh” yürüşünə qoşulmağa hazır idi. 1950–60-cı illərdə dünyanın müxtəlif yerlərində “sülh” adı altında təşkilatlar yaranırdı və eyni şüarları təkrarlayırdı: NATO-nun hərbi təlimlərini “müharibənin qızışdırılması” kimi qınayır, eyni zamanda SSRİ-nin suveren dövlətlərə müdaxiləsini “sülhməramlılıq” kimi əsaslandırırdılar.

ABŞ-də Amerikanın Sülh və Demokratiya Liqası, Amerikanın Sülh Uğrunda Səlib Yürüşü, Amerikanın Sülh naminə Mobilizasiyası, Sülhün Qələbəsi üzrə Milli Komitə və onlarla başqa “sülh” təşkilatı fəaliyyət göstərirdi. Onların ritorikası sovet Xarici İşlər Nazirliyinin bəyanatlarından seçilmirdi. İştirakçıların bir qismi kommunist və ya onların yol yoldaşları olsa da, aralarında səmimi, lakin sadəlövh idealistlər də az deyildi.

Hərbi güc üzərində qurulmuş və idarə olunan bir imperiyanın eyni zamanda fasiləsiz şəkildə “sülh”dən danışmasının ikiüzlülüyünə diqqət çəkənlərə sovet tərəfinin və onun Qərbdəki tərəfdarlarının hazır cavabı vardı. Marksizmin əsas postulatlarından biri iddia edirdi ki, kapitalizm qaçılmaz olaraq imperializmə və müharibələrə aparır. Deməli, davamlı sülhə aparan yeganə yol kapitalizmin məhv edilməsidir. Bu baxımdan, qeyri-kommunist ölkələrdə silahlı inqilabi hərəkatların dəstəklənməsi (SSRİ-nin Nikaraquadadan Anqolaya qədər etdiyi kimi) və ya “yoldan çıxmış” kommunist dövlətlərə müdaxilə (Çexoslovakiya, Macarıstan) sadəcə sülhün qabaqlayıcı təminatı, bir növ preventiv müharibə kimi təqdim olunurdu.

Bu ziddiyyət hətta kommunist Macarıstan qəzetlərindən birində belə qeyri-ixtiyari etiraf edilmişdi: “Biz sülh hərəkatında zərərli pasifizmin heç bir təzahürünə dözə bilmərik”.

1954-cü ildə SSRİ Müdafiə Nazirliyi bu məntiqi daha açıq ifadə etmişdi: “Sülh uğrunda mübarizə aparan kommunistlər pasifist deyillər, onlar müraciətlər imzalayıb yalnız sülh təbliğatı ilə kifayətlənmirlər. Onlar hesab edirlər ki, müharibələrin qaçılmazlığını aradan qaldırmaq üçün imperializm məhv edilməlidir… Müharibənin ‘dəhşətlərini’ qabardan və bütün müharibələrə nifrət aşılayan burjua-pasifist yanaşma bizə yaddır. Kommunistlər imperialist müharibələrə qarşı çıxırlar, lakin azadedici, antiimperialist, inqilabi müharibələri dəstəkləyirlər”.

Bu cür açıq-aşkar ikiüzlülük Corc Oruellin “1984” romanını oxuyan hər kəsə tanışdır. Romanda “müharibə - sülhdür” formulu totalitar yenidilin nümunəsi kimi təqdim olunur.

Kommunistlər və onların yol yoldaşları üçün qayda sadə idi: SSRİ-nin hər bir hərbi addımı “antiimperialist”, Qərbin istənilən hərbi addımı isə “imperialist” elan edilirdi. Məhz bu cür zehni akrobatika Sovet İttifaqına və onun Qərbdəki tərəfdarlarına üç il ərzində nasist Almaniyasını faşizmin təcəssümü kimi qınamaqdan Berlinlə hücum etməmək paktı imzalamağa, daha sonra isə ona qarşı müharibə aparmağa imkan verdi.

Təsadüfi deyil ki, “sülh hücumu” soyuq müharibənin ilk illərində, SSRİ-nin hələ nüvə çəkindirmə imkanları olmadığı vaxt başladı. “Sülh” uğrunda mübarizənin növbəti böyük dalğası 1980-ci illərin əvvəlində, ABŞ-də Ronald Reyqanın hakimiyyətə gələrək kommunizmlə yanaşı yaşamaq yox, onu məğlub etmək niyyətini açıq göstərdiyi dövrdə yaşandı.

Döyüş meydanı Qərbi Avropa oldu. Burada ABŞ-nin Pershing-2 orta mənzilli raketlərini, SSRİ-nin əvvəldən yerləşdirdiyi SS-20-lərə cavab olaraq Avropaya yerləşdirməsi ətrafında kəskin mübahisələr başladı. 1983-cü ildə The New York Times yazırdı ki, Danimarka və İsveçrə hökumətləri “əslində KQB zabitləri olan, sovet diplomatı kimi fəaliyyət göstərən şəxslərin raketlərin yerləşdirilməsinə qarşı çıxan qruplara təsir göstərmək və ya onları ələ almaq cəhdlərini ifşa ediblər”.

Ən kəskin müzakirələr Almaniyada gedirdi. Qərbi Almaniyanın “Yaşıllar” partiyası kommunistləri Bonn sammiti zamanı Reyqan və NATO əleyhinə keçirilən böyük nümayişin təşəbbüsünü ələ keçirməkdə ittiham edirdi. Bu təsirin nəticəsi açıq görünürdü: yekun qətnamədə ABŞ-nin xarici siyasəti qınanır, lakin SSRİ-nin Əfqanıstana müdaxiləsi və Polşada hərbi vəziyyətin tətbiqi barədə susulurdu. Moskvanın siyasətinə bu səssiz razılıq “Pershinqlərə yox” hərəkatının şüarında da əks olunurdu: “Avropada yeni raketlərə yox”, şüarında “yeni” sözünə xüsusi vurğu ilə vurğulanırdı.

İnsanların sülhə olan təməl istəyinin onilliklər boyu istismarı göstərir ki, bu söz tamamilə fərqli mənalar daşıya bilər. Azad cəmiyyətlərdə “sülh” sadəcə müharibənin olmamasıdır. Kreml üçün isə “sülh” subyektiv anlayışdır və onların məqsədlərinə birbaşa zor tətbiq etmədən çatmağa imkan verən istənilən vəziyyəti ifadə edir.

Sovet dissidenti Vladimir Bukovski 1982-ci ildə yazırdı: “Görünür, bolşevik ideoloqları lap əvvəldən anlayıblar ki, ümumi sülh arzusu onlar üçün nə qədər güclü silaha çevrilə bilər — insanlara sülhün artıq yaxın olduğuna inanmaq üçün cüzi bir əsas veriləndə, onların nə qədər sadəlövh və irrasional davrana bildiyini”.

Soyuq müharibə çoxdan bitib, lakin son hadisələr göstərir ki, sadəlövh və irrasional insanların Rusiya aldatmacasına qarşı həssaslığı hələ də aradan qalxmayıb.

Prezident Donald Tramp tez-tez özünü “sülh prezidenti” adlandırır və onun administrasiyası bu özünütərifi institusionallaşdırmaq üçün yaxın vaxtlarda iki addım atıb. Birincisi, Dövlət Departamenti ABŞ Sülh İnstitutunun adının Donald C. Tramp Sülh İnstitutu olaraq dəyişdiriləcəyini elan edib. Guya bu addım “ölkə tarixinin ən böyük danışıqlar aparan liderini” əks etdirmək üçündür. İkincisi, Trampın sülhməramlı nailiyyətlərini önə çıxaran, lakin “sülh” anlayışında narahatedici dərəcədə Rusiya yanaşmasına yaxın olan yeni Milli Təhlükəsizlik Strategiyası dərc olunub.

Ən başlıcası, sənəddə Rusiya artıq təhlükə kimi göstərilmir. Bu, Trampın birinci administrasiyasının 2017-ci il strategiyası ilə kəskin ziddiyyət təşkil edir; həmin sənəddə Rusiya ABŞ-nin dəyərlərinə və maraqlarına düşmən olan bir dünya formalaşdırmağa, Amerikanın təsirini zəiflətməyə və müttəfiqləri parçalamağa çalışan dövlət kimi təqdim olunurdu.

Yeni strategiya NATO-nun “daimi genişlənən alyans” kimi qavranılmasına son qoymağa çağırır və bununla da Şimali Atlantika Alyansının genişlənməsinə 35 illik ikipartiyalı dəstəyi faktiki olaraq bitirir. Bundan əlavə, sənəddə Ukraynada sülhün olmamasına görə məsuliyyət təcavüzkara deyil, ABŞ-nin demokratik müttəfiqlərinə yönəldilir.

Bəli, strategiyada deyilir ki, “əksər avropalılar sülh istəyir”. Amma hansı sülhü? Fransız jurnalının sorğusu göstərib ki, avropalıların 80 faizi Rusiyanın həqiqətən sülh istədiyinə inanmır, 61 faizi isə Ukraynaya dəstəyin saxlanılmasının və ya artırılmasının tərəfdarıdır. Avropa liderləri vurğulayırlar ki, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməyən istənilən “sülh” sadəcə növbəti təcavüzədək müvəqqəti fasilə olacaq.

Məhz bu kontekstdə Tramp administrasiyasının növbəti “sülh planı” ilə bağlı son həftələrdə baş verən hadisələrə baxmaq lazımdır. Noyabrın 20-də mediaya guya Stiv Uitkoff, Nyu-Yorklu daşınmaz əmlak sahibi və Trampın qolf üzrə tərəfdaşı tərəfindən, dövlət katibi Marko Rubio və Cared Kuşnerin iştirakı ilə hazırlanmış 28 bəndlik plan sızdırıldı. Plan Rusiyanın əsas tələblərini həyata keçirir və Ukraynanın bir neçə prinsipial qırmızı xəttini pozurdu.

Döyüş əməliyyatlarının dayandırılması müqabilində Rusiya faktiki olaraq ələ keçirdiyindən daha çox ərazi əldə edir, Ukraynanın NATO-ya üzvlüyü həmişəlik qadağan olunur, Ukrayna ordusunun sayına məhdudiyyət qoyulur, NATO qoşunlarının ölkə ərazisində yerləşdirilməsi istisna edilir, milyardlarla dollar dəyərində Rusiya aktivləri dondurmadan çıxarılır və ən əsası, 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq olunan iqtisadi sanksiyalar ləğv edilirdi. Ukrayna isə əvəzində yalnız qeyri-müəyyən təhlükəsizlik vədləri alırdı.

Uitkoffun Rusiya “sülh” anlayışının təsiri altına düşdüyü təəssüratı 14 oktyabr tarixli telefon danışığının stenoqramı sızdıqdan sonra daha da gücləndi. Həmin danışıqda o, Yuri Uşakovla söhbətində “Rusiya Federasiyası həmişə sülh razılaşması istəyib” deyirdi. O bu sözləri 11 il əvvəl heç bir təxribat olmadan qonşusuna soxulan, onun ərazilərini ilhaq edən bir ölkə barədə deyirdi. O, həmçinin Putinin Trampın Volodimir Zelenski ilə görüşündən əvvəl Trampa zəng etməsini təklif etmişdi.

Trampın Putinlə iki saatlıq telefon danışığından sonra ABŞ Ukraynaya Tomahawk raketlərini satmaqdan imtina etdi və Zelenskiyə Rusiyanın hətta nəzarət etmədiyi ərazilərlə bağlı güzəştə getməsi üçün təzyiq göstərməyə başladı. İki gün sonra Putin Uitkoffu açıq şəkildə müdafiə edərək onu “ağıllı insan” adlandırdı. “Sülh” sözü kimi, görünür, “ağıllı” sözü də Rusiya kontekstində başqa məna daşıyır.

Uitkoffun diktatorun sözlərini olduğu kimi qəbul etməyə meyilli olduğu administrasiyadakı fəaliyyətinin lap əvvəlində də aydın idi. O, ötən ilin martında Taker Karlsona verdiyi müsahibədə Putinlə görüşünü və müharibənin dayandırılması üzrə mümkün razılaşmanın parametrlərinin müzakirəsini xatırladırdı. Uitkoff Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumlarını 30 günlüyünə dayandırmasına dair razılıq əldə etdiyini bildirmişdi və Putin bu razılaşmanı altı gün sonra Trampla telefon danışığında rəsmiləşdirmişdi.

“Onun məni qəbul etməsi, mənimlə görüşməsi çox səxavətli addım idi”, deyə Uitkoff Putini “dürüstlüyünə” görə tərifləyirdi, baxmayaraq ki, səkkiz saat gözləməli olmuşdu.

Təəssüf ki, bu danışıqların stenoqramı mövcud deyil, amma hətta olsaydı belə, ona etibar etmək çətin olardı: Uitkoff bütün diplomatik protokollara və elementar sağlam məntiqə zidd olaraq Dövlət Departamentinin tərcüməçisini özü ilə aparmaqdan imtina etmişdi.

“Bu, bizə, yeri gəlmişkən, ‘kommunikasiya’ kimi sadə bir söz sayəsində bərpa etməyə nail olduğumuz əlaqə növüdür, baxmayaraq ki, bir çoxları hesab edir ki, mən bunu etməməli idim, çünki onlara Putin pis adamdır”, deyə Uitkoff ardınca bildirmişdi ki, o, Putini pis insan hesab etmir.

Uitkoff xidmət etdiyi prezident kimi, rəqiblə danışığın özünə kor-koranə inam nümayiş etdirir. Problem diplomatiyada deyil, problem danışıq naminə danışıqdır. Bunun bariz nümunəsi həmin 30 günlük enerji obyektlərinə hücumların dayandırılması idi: Rusiya bu razılaşmanı onlarla dəfə pozdu. “Dürüst Putin” məhz belədir.

Bu gün Dünya Sülh Şurası demək olar ki, yoxa çıxıb, amma onun missiyası, metodları və ritorikası yaşayır. Soyuq müharibə illərində olduğu kimi, Kreml “sülh”dən Qərbi zəiflətmək və Rusiyanın növbəti təcavüzünü və ekspansiyasını asanlaşdırmaq üçün istifadə edir.

O vaxt da, indi də Moskvanın şərtləri ilə “sülh”ü qəbul etmək Rusiyaya istədiyini etmək imkanı vermək deməkdir.

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Seçilən
123
poliqon.info

1Mənbələr