Bakı, 17 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ənənəvi olaraq keçirdiyi “IDDA Awards” müsabiqəsi bu il də böyük maraqla qarşılanıb. Müsabiqəyə bu il 8 nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib.
“Müraciətlərin dəyərləndirilməsi iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə namizədlər ictimai səsvermə yolu ilə vətəndaşlar tərəfindən qiymətləndirilib. İkinci mərhələdə isə 24 nəfərdən ibarət peşəkar münsiflər heyəti iştirakçıların bilik, bacarıq və fəaliyyətlərini ətraflı şəkildə təhlil edib”, - deyə T.Heydərov əlavə edib.
Taleh Heydərov bildirib ki, müsabiqənin qalibləri bu gün elan olunur və qaliblərə Agentlik tərəfindən plaketlər və müxtəlif hədiyyələr təqdim ediləcək. Onun sözlərinə görə, “IDDA Awards”ın əsas məqsədi təkcə mükafatlandırma deyil, həm də innovasiya və rəqəmsal sahədə fəaliyyət göstərən şəxslərin tanıdılması və motivasiyasının artırılmasıdır.
Departament müdiri onu da vurğulayıb ki, bu il müsabiqədə qadın iştirakçıların sayı xüsusilə diqqət çəkir və onlar bir neçə nominasiya üzrə qalib elan olunublar. Bu fakt ölkədə innovasiya və rəqəmsal inkişaf sahəsində qadınların artan rolunun göstəricisi kimi dəyərləndirilib.