"Plastik qabda süd saxlamaq risklidir. Bunun isə bir neçə səbəbi var. İlk növbədə, plastik qablar süd üçün nəzərdə tutulmayıb və əksər plastik qablar qazlı içki, su, məişət mayeləri üçün istehsal olunur. Bu qablar isə isti, yağlı və turş mühitə uyğun deyil. Süd, yağlı bir məhsul olduğu üçün tez turşuyur və bakteriyalar üçün ideal mühit yaradır, nəticədə plastikdən südə kimyəvi maddələr keçə bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov plastik qablarda süt məhsullarının satılmasından danışarkən bildirdi.
Onun sözlərinə görə, plastik qablar xüsusilə zərərli maddələr olan BPA və ftalatlar kimi maddələri südə keçirə bilər:
"Bu maddələr hormonal sistemi poza bilər, uşaqlarda inkişaf problemlərinə və uzunmüddətli istifadə zamanı xərçəng riskinin artmasına səbəb ola bilər. Risk daha da artır, əgər qab əvvəllər qazlı içki üçün istifadə olunubsa, qab günəş altında qalıbsa və ya süd isti halda qablaşdırılıbsa".
Mütəxəssis əlavə etdi ki, plastik qabların gigiyena problemi də var.
"Ev südləri pasterizə olunmur və mikrobioloji nəzarətdən keçmir. Plastik qabların iç səthi cızıqlıdır və bakteriyalar bu cızıqlarda rahat çoxalır, yuyulsa belə tam təmizlənmir. Bu isə qida zəhərlənməsi riskini artırır. Bir çox hallarda isə plastik qablar bir neçə dəfə istifadə olunur və sənaye sterilizasiyasından keçmir, bu da bağırsaq infeksiyaları, xüsusilə uşaqlar və hamilələr üçün ciddi risk yaradır. Süd yalnız şüşə qabda və ya qida üçün nəzərdə tutulmuş, sertifikatlı plastikdə satılmalıdır. Ev südü mütləq qaynadılmalı və +2, +4 dərəcədə saxlanılmalıdır. Ev südünün qazlı içki və ya su qablarında satılması həm kimyəvi, həm də mikrobioloji baxımdan təhlükəlidir. "Təbii" adı altında satılması isə onu avtomatik olaraq təhlükəsiz etmir", - deyə Fərid Səfərov əlavə etdi.
Xədicə BAXIŞLI