AZ

Politoloq: Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq əsasında dərinləşir

Bakı, 17 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə daxil olub. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri bu prosesin ardıcıl və planlı xarakter daşıdığını, ikitərəfli əlaqələrin təkcə siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, enerji və investisiya sahələrində də dərinləşdiyini göstərir. Sözügedən səfər, eyni zamanda, Azərbaycanın Yaxın Şərq və Körfəz regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, Azərbaycan-BƏƏ əməkdaşlığının mərkəzində enerji amili dayansa da, bu əməkdaşlıq artıq yalnız ənənəvi neft-qaz sahəsi ilə məhdudlaşmır: “Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yaşıl enerji potensialını, xüsusilə bərpaolunan enerji mənbələri və dayanıqlı enerji infrastrukturu sahəsində imkanlarını strateji baxımdan önəmli hesab edir. Bu istiqamətdə reallaşdırılan layihələr tərəflərin uzunmüddətli inkişaf baxışlarının üst-üstə düşdüyünü nümayiş etdirir”.

Toğrul İsmayıl qeyd edib ki, investisiya və iqtisadi əməkdaşlıq münasibətlərin ikinci əsas sütununu təşkil edir. Onun fikrincə, BƏƏ kapitalı üçün Azərbaycan regionda sabit siyasi mühitə, əlverişli investisiya imkanlarına və mühüm tranzit mövqeyinə malik ölkə kimi dəyərləndirilir. “Nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Birləşmiş Ərəb Əmirliklərinin şirkətlərinin xüsusi maraq dairəsindədir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi bu marağı daha da artırır”, - deyə politoloq vurğulayıb.

Politoloq bildirib ki, siyasi və diplomatik müstəvidə də Bakı ilə Əbu-Dabi arasında yaxınlaşma müşahidə olunur. Hər iki dövlət beynəlxalq münasibətlərdə suverenliyə, qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan yanaşmanı üstün tutur ki, bu da regional və qlobal platformalarda mövqelərin uzlaşdırılmasına şərait yaradır.

Toğrul İsmayılın sözlərinə görə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan-BƏƏ münasibətlərinin təsadüfi deyil, strateji planlaşdırmaya əsaslanan və uzunmüddətli perspektivə hesablanmış əməkdaşlıq modeli üzərində qurulduğunu bir daha təsdiqləyir.

Seçilən
127
azertag.az

1Mənbələr