AZ

Gələn il kriptovalyuta bazarında nələr gözlənilir?- AÇIQLAMA

2026-cı il üçün kriptovalyuta bazarının istiqaməti əsasən ABŞ iqtisadiyyatının vəziyyəti və FED-in pul siyasətindən asılı olacaq. Əgər ABŞ-da inflyasiya nəzarət altında saxlanılsa və FED faiz dərəcələrini tədricən aşağı salmağa davam etsə, bu, qlobal maliyyə bazarlarında riskli aktivlərə marağı artıracaq. Belə bir ssenaridə kriptovalyutalar, xüsusilə Bitcoin, investorlar üçün yenidən cəlbedici aktivə çevrilə bilər.Bu fikirləri Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Missiya.Az-a açıqlamasında deyib.

"Ucuzlaşan pul və artan likvidlik adətən kripto bazarına kapital axınını gücləndirir. Digər tərəfdən, əgər ABŞ iqtisadiyyatında resessiya riski artsa və FED sərt mövqeyini qorusa, bazarlarda ehtiyatlı davranış ön plana çıxacaq. Bu halda kripto bazarında ümumi yüksəliş yox, daha çox dalğalı və seçici hərəkətlər müşahidə ediləcək. Qlobal bazar davranışları da burada həlledici rol oynayır. İnvestorlar artıq kor-koranə riskə getmir. Kapital əsasən daha etibarlı və likvid aktivlərə yönəlir. Bu səbəbdən 2026-cı ildə kripto bazarında kütləvi artım deyil, iri və güclü aktivlərin ön plana çıxdığı mərhələli artım ssenarisi daha real görünür",-ekspert bildirib.Elnur Quliyevin sözlərinə görə, 2026-cı il üçün kriptovalyuta bazarındakı riskləri üç əsas kateqoriya üzrə sistemləşdirmək mümkündür: Birincisi, tənzimləyici risklərdir - Dövlətlərin kriptovalyutalara yanaşması hələ də vahid və stabil deyil. Vergitutma mexanizmləri, lisenziyalaşdırma tələbləri və bəzi hallarda məhdudlaşdırıcı qərarlar bazarda qeyri-müəyyənlik yaradır. Hüquqi risklərin yaranması iri fondların investisiya portfelindəki həcminə birbaşa təsir edir. İkincisi, makroiqtisadi risklərdir - Yüksək faiz dərəcələri, qlobal likvidliyin azalması və geosiyasi qeyri-sabitlik riskli aktivlərə marağı azalda bilər. Kriptovalyutalar hələ də yüksək volatilliyə malik maliyyə alətləri kimi qiymətləndirildiyindən, makroiqtisadi şoklara daha həssasdır. Üçüncüsü, bazar daxili və institusional risklərdir - Kripto birjalarının maliyyə dayanıqlığı, kibertəhlükəsizlik problemləri, layihələrin qeyri-şəffaf idarəetməsi və spekulyativ davranışlar bazarın etibarlılığına ciddi zərbə vura bilər. Bu risklər klassik maliyyə bazarları ilə müqayisədə kripto sektorunda daha kəskindir."İnvestorlar üçün kriptovalyuta yatırımı strateji portfel idarəçiliyinin bir elementi kimi nəzərdən keçirilməlidir, yəni əsas gəlir mənbəyi baxılmamalıdır. İlk növbədə, diversifikasiya prinsipi əsas götürülməlidir. Yəni ümumi investisiya portfelinin yalnız məhdud hissəsi kriptoaktivlərə yönəldilməlidir. Bu yanaşma riskin sistemli şəkildə idarə olunmasına imkan verir. İkinci mühüm məqam fundamental analizdir. İnvestorlar yalnız qiymət dinamikasına deyil, layihənin texnoloji əsaslarına, istifadə sahəsinə, komandasına və uzunmüddətli inkişaf strategiyasına diqqət yetirməlidirlər. Üçüncü və ən kritik faktor isə davranışsal maliyyə aspektidir. Emosional qərarlar, xüsusilə qiymət artıq yüksəldikdən sonra bazara daxil olmaq tendensiyası, adi investorlar üçün ən çox rast gəlinən səhvlərdəndir. Statistik olaraq, kripto bazarında zərərin böyük hissəsi məhz bu psixoloji davranış modelindən qaynaqlanır",-E.Quliyev əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
163
missiya.az

1Mənbələr