“Yeniyetməlik dövrü emosional baxımdan ən həssas mərhələlərdən biridir. Bu mərhələdə uşaq həm özünü tanımağa çalışır, həm də real həyatda ifadə edə bilmədiyi qorxu, aqressiya, maraq və suallarına cavabı çox zaman rəqəmsal məkanda axtarır. İnternetdə isə yaşa uyğun olmayan, qorxu yaradan, travmatik və ya psixoloji cəhətdən zərərli məzmunlara çıxış olduqca asandır. Bu cür məzmunlar yetkin psixika üçün belə ağır ola bildiyi halda, formalaşmaqda olan yeniyetmə psixikasında dərin narahatlıq, təhlükə hissi, ümidsizlik və reallıqla bağlı təhrif olunmuş təsəvvürlər yarada bilər”. Bunu Ajans.az-a açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, valideyn nəzarəti təkcə “telefona baxmaq” anlamına gəlməməlidir: “Effektiv nəzarət ilk növbədə psixoloji yaxınlıqdan başlayır. Uşaq valideynlə danışa bilmirsə, qorxularını, gördüklərini, hiss etdiklərini paylaşmaqdan çəkinirsə, texniki qadağalar da uzunmüddətli qoruyucu rol oynamır. Valideyn uşağın gündəlik emosional vəziyyətini izləməli, davranışındakı dəyişikliklərə diqqət yetirməli, internetdə nə izlədiyini soruşmağı sorğu-sual kimi deyil, maraq və qayğı forması kimi etməlidir.
Paralel olaraq yaşa uyğun filtr proqramları, vaxt məhdudiyyətləri və açıq qaydalar tətbiq edilə bilər, lakin bunlar mütləq izahla və qarşılıqlı razılaşma ilə aparılmalıdır. Nəzarətsiz rəqəmsal mühitin mümkün nəticələri yalnız ani qorxu ilə məhdudlaşmır. Uzunmüddətli təsir kimi emosional donuqluq, yuxu pozuntuları, artan təşviş, sosial təcrid, özünə və dünyaya qarşı mənfi münasibət formalaşa bilər. Bu səbəbdən valideynlər uşağın fiziki təhlükəsizliyi qədər psixoloji təhlükəsizliyini də prioritet hesab etməlidirlər. Lazım gəldikdə psixoloqa müraciət etmək, məktəb-ailə-psixoloq əməkdaşlığını gücləndirmək və psixoloji maarifləndirməni artırmaq bu risklərin qarşısını almaqda ən sağlam yoldur. Burada əsas məqsəd uşağı qorxu ilə deyil, anlayış və dəstək mühiti ilə böyütməkdir”.