İki aydır Azərbaycan gündəminin ana mövzusunu “Ramiz Mehdiyev işi” təşkil edir. Bu istiqamətdə müxtəlif proqnozlar, açıqlamalar, şərhlər verilir. Həbslərin olacağı, xeyli məşhurun adının bu işdə hallanacağı deyilir. AXCP sədri Əli Kərimlinin noyabrın 29-da saxlanmasından sonra proses sürətləndi. Eyni gündə Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiyası haqda xəbər yayıldı. Milli Şuranın sədri Cəmil Həsənli ölkədən qaçmaq istəyərkən aeroportda saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə gətirildi. İfadəsi alındıqdan sonra sərbəst buraxıldı.
Bu gün – dekabrın 16-da “Mehdiyev işi” çərçivəsində baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun axtarışa verilməsi isə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. A.Abbasov 2012-ci ildə Moskvada yaradılan və “Milyarderlər İttifaqı” adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub. Bu təşkilat ilk gündən rəsmi Bakıya qarşı təzyiq mexanizmi kimi ortaya atılıb. Sonradan “Milyarderlər İttifaqı” Milli Şura (MŞ) formatına keçirildi. Bakıda 2013-cü ilin ortalarında MŞ təsis edildi və Azərbaycanın əksər müxalifət partiyaları, ictimai birlikləri, bəzi QHT-lər, ayrı-ayrı siyasətçilər, politoloqlar təşkilata üzv oldular. Milli Şura 2013-cü ildə keçirilən prezident seçkisində vahid namizədlə iştirak etməyi qarşıya məqsəd qoymuşdu.
“Milyarderlər İttifaqı”nın əsas simalarından olan Rüstəm İbrahimbəyov təşkilata sədr seçildi. O, həmin ilin oktyabr ayında keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olmağa söz vermişdi. Amma sentyabrda bu qərardan imtina etdi. Əvəzində vahid namizəd kimi seçkiyə Cəmil Həsənli qatıldı.
Çoxu düşünürdü ki, 2013-dən sonra Azərbaycanın radikal müxalifəti, onlara dəstək olan daxili-xarici qüvvələr gücdən, nüfuzdan düşüb, geri çəkiliblər. Bir çox ekspert deyirdi ki, AXCP, Müsavat və onlara qoşulan bəzi ictimai fəallar real addımlardan çox, siyasi mübarizəni imitasiya edirlər. Artıq gücləri qalmayıb, dəstəkləri yoxdur, proseslərə təsir imkanları tükənib. İndi məlum olur ki, Əli Kərimlini və partiyasını himayə edən güclər varmış. Bu güclər hakimiyyətdə təmsil olunan ayrı-ayrı fiqurlar olub. Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının (PA) rəhbəri olduğu dövrlərdə radikallarla əlaqə saxlayırmış. PA-dan getdikdən sonra isə onlarla əlaqələri daha da möhkəmlənib.
İndi məlum olur ki, Abbas Abbasov da proseslərdən yer alıb. O, 12-13 il öncəki fəaliyyətini davam etdirib. Yoxsa niyə axtarışa verilsin?..
Paraleldə daha bir maraqlı prosesin şahidi olmaqdayıq. Azərbaycanın ən iri klanları, nüfuzlu ailələri, soyadları dövlətin hədəfinə gəlib. Bu klanların, ailələrin nümayəndələri, övladları ətrafında hüquq-mühafizə orqanları əməliyyat keçirdi. Həbs edilənlər oldu. Biri isə İrana qaçdı. Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsi gündəmə bomba kimi düşüb. Azərbaycanın mərhum xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin əməkdaşı Tahir Tahirinin isə məsuliyyətdən yaxa qurtarmaq üçün İrana qaçdığı deyilir.
Dekabrın 15-də Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. H.Eyyubov general–polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Rəşad Daşdəmirovun həbsinin, Həsən Eyyubov vəzifəsindən azad edilməsinin “Mehdiyev işi” ilə əlaqəsinin olduğu iddiasında deyilik. Sadəcə, Ramiz Mehdiyevin həbsi ətrafında gedən proseslərlə bu hadisələrin paralellik təşkil etməsi olduqca maraqlı və diqqətçəkəndir.
Bir onu demək olar ki, dövlət çox ciddi qərarlar alıb. Bu qərar o qədər qətidir ki, kimsəyə güzəşt edilməsi mümkün görünmür. Bütün toxunulmazlara toxunulur. “Dünənki xidmətə görə sağ ol, bugünkü əməlinə görə cavab ver” düsturu işə düşüb…
Hadisələri dərindən müşahidə etdikdə onu demək olar ki, Rusiya xəttindəki gizli-aşkar qruplar, vaxtilə yüksək vəzifələr tutmuş şəxslər hakimiyyəti qeyri-seçki yolu ilə devirmək istəyiblər. Onlar bu prosesdə AXCP sədri Əli Kərimlini dönəm lideri seçib, onun üzərindən dövləti ələ keçirməyi planlaşdırıb. Abbas Abbasov, Ramiz Mehdiyev kimi xalqın sevmədiyi şəxslər kütlələrə xitab edib, prosesləri birbaşa nəzarətə götürə bilməzlər. Əli Kərimli və ətrafı ilə gizli müttəfiqliyin səbəbi, fikrimizcə, bundadır.
Tarix bu cür ittifaqlara çox şahidlik edib. Ən bariz nümunəsi isə İranda yaşanıb. İslam inqilabı zamanı Xomeyni də eyni metoddan yararlanıb. Bütün siyasi qüvvələri – millətçiləri, dinçiləri, solçuları – ətrafına yığıb, onların üzərindən hakimiyyətə gəlib. Sonra isə hamısını məhv edib. Əli Kərimli də eyni taleyi yaşaya bilərdi. Əslində, dövlət onu həbs etməklə həm daha böyük cinayətə əl atmaqdan yayındırıb, həm də həyatını xilas edib…
Azər Ayxan
Globalinfo.az