Bakı, 17 dekabr, Günel Türksoy, AZƏRTAC
Dünyanın bir çox ölkələrində cari ildə heyvanlar arasında dabaq xəstəliyi virusunun yayılması müşahidə edilib. Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) da bu virusla bağlı məlumat verib. Eyni zamanda, Türkiyədə də dabaq xəstəliyi virusunun yayılması haqqında məlumatlar var idi. Buna görə də, bölgə üçün virusun yayılma ehtimalı ilə bağlı xəbərdarlıq elan olunmuşdu.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O, dabaq xəstəliyinin SAT-1 serotipinə Azərbaycanda da rast gəlindiyini diqqətə çatdırıb və bildirib ki, bu virusla əlaqədar AQTA tərəfindən ÜHST-yə də məlumat verilib: "Virusun serotipinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi də vaksin növünü ölkəyə gətirərək peyvəndləmə tədbirlərini həyata keçirir".