“Bu gün görürük ki, dünyada geosiyasi vəziyyət gərgin olaraq qalır, bəzi regionlarda isə artıq kritik həddə çatır. NATO ölkələri hücum xarakterli qüvvələrini fəal şəkildə artırır və modernləşdirir, yeni silah növləri yaradır və yerləşdirir, o cümlədən kosmik məkanda”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, “Avropada insanlara guya Rusiya ilə qaçılmaz toqquşma olacağı barədə qorxular təlqin edilir, sanki böyük müharibəyə hazırlaşmaq lazımdır. Guya məsul vəzifələr tutmuş və ya hələ də tutan müxtəlif şəxslər, görünür, öz məsuliyyətlərini tamamilə unudublar. Onlar xalqlarının maraqlarını deyil, hansısa yeddi dəqiqəlik, şəxsi və ya qrup siyasi maraqlarını rəhbər tuturlar. Bununla da isteriya səviyyəsini getdikcə artırırlar.
Mən artıq dəfələrlə demişəm: Avropa ölkələri üçün guya mövcud olan hansısa xəyali Rusiya təhlükəsi barədə deyilənlər yalandır, cəfəngiyatdır, sadəcə cəfəngiyatdır. Amma bütün bunlar tam şüurlu şəkildə edilir”.
Qeyd edək ki, Vladimir Putin Ukrayna ilə də müharibə etməyəcəyini dəfələrlə bildirmişdi. Bu, onu göstərir ki, Avropa Putinə etibar etmir.
Ağagül Mürsəlov,
KONKRET.az