Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Görünür ki, artıq dabaq xəstəliyi ilə bağlı təhlükə qalmayıb.
Qeyd edək ki, heyvan bazarları fəaliyyətini müvəqqəti dayandırmamışdan qabaq paytaxtda ətin qiyməti 16-16 manat 50 qəpiyə satılırdı. Bazar bağlanandan sonra isə qiymətlər bir qədər dəyişdi. Belə ki, 16 manata təklif olunan ətlər 17-yə, hətta elə olurdu ki, 18-ə də satılırdı.
Bəs bazarların fəaliyyəti bərpa edildiyi üçün ətin qiymətində azalma olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bazarın açılıb-açılmamasının ət qiymətlərinə həlledici təsiri yoxdur.
"Çünki ət qiymətlərinə təsir edən əsas amillər fundamental xarakter daşıyır. Ölkədə həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayı kəskin şəkildə azalır. Bu azalma hər il davam edir və nəticə etibarilə ət təklifi daralır. Təklifin azalması isə birbaşa olaraq qiymətlərin yüksək qalmasına səbəb olur. Bununla belə, bazarların açılması müsbət addım kimi qiymətləndirilə bilər. Çünki bazarların fəaliyyətə başlaması heç olmasa son dövrlər ət qiymətlərində müşahidə olunan gərginliyin müəyyən qədər azalmasına, psixoloji təsirin zəifləməsinə və bazarda nisbi sabitliyin yaranmasına töhfə verə bilər. Lakin bu, qiymətlərin əsaslı şəkildə enməsi üçün yetərli deyil; köklü ucuzlaşma üçün istehsalın artırılması və heyvandarlıq sahəsində sistemli tədbirlərin görülməsi vacibdir", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI