Bakı, 17 dekabr, AZƏRTAC
FIFA dünya futbolunun ən yaxşılarını seçib. 2025-ci ilin ən yaxşı futbolçusu nominasiyasında “The Best” mükafatı Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembeləyə qismət olub.
Milli komandaların kapitanları və baş məşqçiləri, media nümayəndələri və azarkeşlərin iştirak etdiyi səsvermədə Azərbaycanı təmsil edən Rasim Mövsümzadə nəticələrlə bağlı fikirlərini AZƏRTAC-a açıqlayıb.
Onun sözlərinə görə, sentyabr ayında “Qızıl top”u qazanan Dembelenin FIFA tərəfindən də mövsümün ən yaxşısı seçilməsi sürpriz olmayıb: “Səsvermə zamanı futbolçuların 2024-cü ilin avqustundan 2025-ci ilin avqustunadək göstərdikləri nəticələr əsas götürülüb. Dembelenin PSJ ilə UEFA Çempionlar Liqasını qazanması, turnirin ən dəyərli oyunçusu seçilməsi və mövsüm ərzində bütün matçlarda ümumilikdə 35 qol vurması onun bu nüfuzlu mükafata layiq görülməsində həlledici rol oynayıb”.
Yekun siyahıda Dembelenin ardından “Barselona”nın gənc ulduzu Lamin Yamal və “Real Madrid”in hücumçusu Kilian Mbappe yer alıblar.
R. Mövsümzadə səsvermədə ilk “üçlüy”ə Dembele, Yamal və PSJ-nin digər üzvü Əşrəf Hakimini daxil etdiyini bildirib: “Maraqlıdır ki, İtaliya millisinin kapitanı Canluici Donnarumma da mənimlə eyni futbolçulara səs verib, sadəcə Yamal və Hakiminin yerlərini dəyişib. Sorğuya Mərakeş millisinin kapitanı qismində qatılan Hakimi isə öz seçimində sıra ilə Mbappe, Dembele və Rafinyaya üstünlük verib. Argentina millisinin kapitanı, dünya çempionu Lionel Messi isə Dembele, Mbappe və Yamalı fərqləndirib”.
Digər nominasiyalarda R. Mövsümzadənin səs verdiyi ispaniyalı Luis Enrike ən yaxşı məşqçi (2015-ci ildə də FIFA tərəfindən bu ada layiq görülüb), Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə Aytana Bonmati ən yaxşı oyunçu (ardıcıl 3-cü dəfə), Sarina Vieqman ən yaxşı məşqçi (5-ci dəfə) və Anna Hempton isə ən yaxşı qapıçı seçiliblər.