Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun kitab layihəsinə dəstək verdi və “İanə Sertifikatı” ilə təltif olundu -Fotolar
2025-ci il dekabrın 16-da Prezident Kitabxanasında Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının təqdimatı keçirilib. Tədbir Dövlət Himni ilə başlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova və Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək kitabın elmi, tarixi və ictimai əhəmiyyətini vurğulayıblar. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək kitabın hazırlanma prosesi və əhəmiyyəti barədə məlumat verib. Tədbirdə işğaldan azad edilmiş ərazilərin bərpasını əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş etdirilib.
Kitabın müəllifi, britaniyalı yazıçı Qrem Vilson nəşrin ideyası, tədqiqat prosesi və konseptual yanaşması barədə məlumat verib. Təxminən 500 səhifəlik nəşr mətn, foto və interaktiv rəqəmsal materialların sintezini təqdim edərək Qarabağın dirçəliş tarixini oxucuya əhatəli şəkildə çatdırır.
Tədbirdə çıxış edən ekspertlər və akademiklər kitabın Qarabağın mürəkkəb tarixi yolunu, əldə olunan Zəfəri və regionda aparılan quruculuq işlərini obyektiv şəkildə təqdim etməsini vurğulayıblar.
Tədbirin sonunda Qrem Vilsonun “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance”, “Azerbaijan Democratic Republic: A Dream That Never Died” və “Ilham: Portrait of a President” adlı kitabları Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Prezident Kitabxanasına hədiyyə edilib. Buna görə Qrup CEO-nun Korporativ Funksiyalar üzrə müavini, İcra Komitəsinin üzvü İlqar Nuriyə Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” ilə təltif olunub.