ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Elm və təhsil naziri Emin Əmrullayevin birinci sinif şagirdlərinin dərsliklərinin əvvəlki illərlə müqayisədə daha ağır olmadığı ilə bağlı açıqlaması ictimai müzakirələrə səbəb olub. Nazir bildirib ki, çantaların ağırlığı əsasən əlavə vəsaitlər və evdən qoyulan yüklərlə bağlıdır, dərsliyin məzmunu ilə yox. Lakin valideynlər və təhsil mütəxəssisləri məsələyə fərqli rakursdan yanaşırlar.
Valideynlərin fikrincə, problem təkcə çantanın çəkisində deyil, dərsliyin və ümumilikdə tədris yükünün məzmunundadır. Bir neçə onillik əvvəl birinci sinif şagirdləri əsasən hərfləri tanımaq, oxumağa alışmaq və 10 dairəsində sadə riyazi hesablamalar aparmaqla kifayətlənirdilər. İndiki proqram isə daha sürətli oxu, mətnlərin dərindən anlanması və daha mürəkkəb tapşırıqlar tələb edir.
Müqayisələr göstərir ki, bugünkü birinci sinif şagirdləri qısa müddətdə oxu texnikasını mənimsəməli, mətni sürətlə oxuyub anlamağı bacarmalıdırlar. Valideynlər deyir ki, bir çox uşaqlar hələ yazı-oxuya tam uyğunlaşmamışkən onlardan sürətli oxu bacarığı tələb olunur ki, bu da psixoloji gərginlik yaradır.
Riyaziyyat dərslərində də oxşar vəziyyət müşahidə edilir. Əvvəllər birinci sinifdə sadə toplama və çıxma əməliyyatları ilə kifayətlənən şagirdlər indi qısa zamanda daha geniş məntiqi tapşırıqlarla üz-üzə qalırlar. Artıq ikinci sinifdə vurma və bölmə əməliyyatlarının tədrisinə başlanması da valideynlərin narahatlığını artıran məqamlardandır.
Mütəxəssislər hesab edirlər ki, dərsliklərin fiziki çəkisi azaldılsa belə, intellektual və psixoloji yükün artması nəzərdən qaçırılmamalıdır. Uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan tələblər uzunmüddətli perspektivdə təhsilə marağın azalmasına və yorğunluğun artmasına səbəb ola bilər.
Valideynlər Elm və Təhsil Nazirliyindən təkcə çantaların çəkisinə deyil, həm də proqramların uşaqların yaş səviyyəsinə uyğunluğuna yenidən baxılmasını istəyirlər. Onların fikrincə, birinci sinif uşağı üçün əsas məqsəd sürət yox, oxumağa və öyrənməyə sevgi aşılamaq olmalıdır.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.