AZ

AZSTAND nümayəndəsi Beynəlxalq Süni İntellekt Standartları Sammitində iştirak edib

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) nümayəndələri Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Beynəlxalq Süni İntellekt Standartları Sammitində iştirak ediblər.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexnika Komitəsi (IEC), Beynəlxalq Telekkomukasiya İttifaqı (ITU) və Koreya Texnologiya və Standartlar Agentliyinin (KATS) birgə təşkilatçılığı ilə keçirilən tədbirə 65 ölkə üzrə dövlət və biznes dairələrinin 300-dən yuxarı nümayəndəsi qatılıb.

Tədbirin məqsədi süni intellektin təhlükəsizliyi, bu sahədə qarşılıqlı fəaliyyətin təmin olunması və insan hüquqlarının qorunması istiqamətində qlobal standartların hazırlanmasına dair müzakirələrin təşkilindən ibarətdir.

Sammit çərçivəsində beynəlxalq standartların risklərin azaldılması və ticari maneələrin aradan qaldırılmasındakı rolundan bəhs olunub. Eyni zamanda, süni intellekt texnologiyalarının təhlükəsiz, etibarlı və hər kəs üçün faydalı olmasını təmin edəcək standartların hazırlanması məsələləri müzakirə edilib. Həmçinin süni intellektin idarə olunması sahəsində beynəlxalq və yerli standartlara uyğun ən yaxşı tənzimləmə təcrübələri barədə məlumat sessiyaları keçirilib, süni intellekt siyasəti və standartları ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Sammitin sonunda Seul Bəyannaməsi qəbul edilib. Bu sənəd süni intellektin tətbiqi zamanı insan hüquqlarına hörmət və etik prinsiplərin qorunması ilə yanaşı, müvafiq standartların müəyyən edilməsinə dair meyarları müəyyən edir.

 

Seçilən
198
1
azertag.az

2Mənbələr